Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

18 May 11:27Manşet / Gündəm

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

 

44 günlük Vətən müharibəsinin, sözsüz ki, ən həyəcanlı anlarından biri Prezident İlham Əliyevin tvitləri, xalqa müraciətləri, eyni zamanda beynəlxalq mediaya verdiyi müsahibələr idi. Azərbaycan xalqı müharibənin gedişatı, əldə olunan uğurlar barədə məhz sözügedən fəaliyyətlər sayəsində xəbər alırdı. İşğaldan azad edilən kəndlərin, qəsəbələrin, rayonların adları sadalandıqca nəfəslər kəsilir, hər kəs işğaldan azad edilən növbəti şəhər və kəndin adını həsrətlə gözləyirdi. Şuşa şəhərinin azad olunması xəbərini isə xalqımız xüsusi səbirsizliklə gözləyirdi. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi, Şuşa Azərbaycanın gözüdür. Prezident İlham Əliyev də dəfələrlə müsahibələrində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar!

Məhz müharibənin 43-cü günü Azərbaycan xalqının gözlədiyi həmin an gəldi və Prezident İlham Əliyev azad Şuşanın müjdəsini verdi. Elə o andan Şuşanın azadlığı qələbəmizin əsas simvoluna çevrildi...

32 illik həsrət bitdi və artıq mədəniyyətimizin beşiyi Şuşaya böyük qayıdış başlayıb. Şuşalılar illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri dönürlər. Son dörd ildə yenə unudulmaz anlara şahidlik edirik.

Bu dəfə isə Şuşaya şuşalıların yurd sevincini bölüşməyə gəlmişik.

Şuşanın özünəməxsus dumanı yerini leysana verib. Buna baxmayaraq, köç işləri durmadan davam edir. Başqa sözlə, Şuşaya köç öz bərəkəti ilə gəlib...

Şəhərə ilk köçənlərdən biri Gülbəniz Babayevanın qonağı olacağıq. Məskunlaşdığı evə doğru irəliləyirəm. Bacıları ilə birgə evlərinə gələn ilk qonağı sevinc və həyəcanla qarşılayırlar. Biz də onlar qədər sevincliyik. Böyük qayıdışa görə gözaydınlığı veririk. Bu dəm Şuşaya gələn ikinci köç karvanının alqışlarla, bayram ab-havasında qarşılanması mərasiminin səsləri bütün məhəlləyə yayılır. Tarixi anları qonaq olduğumuz evin balkonundan izləyirik, sevinc göz yaşlarını tuta bilmirik...

Bu heyrətamiz anlardan sonra mənzilə daxil olur, söhbətə başlayırıq. Gülbəniz xanım deyir ki, artıq Şuşadadırsa, şəhərin işğalda olduğu illəri xatırlamaq istəmir:

“Həmin ağrılı-acılı günlər arxada qalıb. Çox dəhşətli vaxtlar idi. 28 il Şuşa həsrəti ilə yaşadıq. Şuşa işğaldan azad edildikdən sonra şəhərə ilk dəfə gələndə onun hər küçəsini, hər binasını görmək üçün qarış-qarış gəzdim. Uzun illər Bakıda yaşasaq da, ürəyimiz Şuşa ilə döyünüb. Atam dülgər idi, ona görə Şuşada tikilmiş bir çox binalarda, evlərdə onun əl işləri olub. Cıdır düzündə qonaq evi var idi, hansı ki, ümummilli lider Heydər Əliyev də vaxtilə orada qonaq olmuşdu və atamın əl işlərini bəyənmişdi. Həmin qonaq evinə də baş çəkmişdim. Lakin gördüyüm mənzərə ürəyimi ağrıtmışdı, çünki ermənilər atama aid əl işlərini söküb aparmışdılar. Bütün bunlara baxmayaraq, Şuşada gəzərkən uşaqlığımı, gəncliyimi, gözəl günlərimi xatırlayıram”.

Gülbəniz xanımla söhbətimizdən məlum olur ki, o, 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı həlak olmuş yeganə mülki şəhid Vidadi Fərhadovun həyat yoldaşıdır. Təsadüfə bax ki, o vaxt şəhidimizin vida və dəfn mərasimlərini mediada işıqlandıran jurnalistlərdən biri də mən olmuşam...

Telefona zəng gəlir və şuşalı rəssam Rövşən Bayramov bizi gözlədiyini bildirir. Gülbəniz xanımla yenidən görüşmək ümidi ilə sağollaşaraq yeni müsahibimin evinə doğru yollanırıq. Rövşən bəy Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisidir. O, bizi qarşılayaraq evində yenicə yaratdığı atelyesinə qonaq edir. Emalatxananın pəncərəsindən Şuşaya açılan mənzərənin Rövşən bəydə yaxşı ilham mənbəyi yaradacağını düşündük.

Rəssam Bakıda Şuşasız keçirdiyi ağır illərdən danışır. Otaqda Şuşanın tərənnüm olunduğu rəsmləri göstərib bildirir ki, onları Şuşanı xəyal edərək çəkib:

“Şükür ki, bu gün Şuşadayam və bu dəfə gözlərimlə görərək yeni əsərlər yaradacağam. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin çıxışlarını və xüsusilə də Şuşanın azad olunması xəbərini eşitmək üçün tələsirdik. Həmin xəbəri eşidəndə eskiz çəkirdim. O an əlimdəki fırçanı kənara tullayıb, “urra, Şuşaya gedirəm!” dedim... Ötən gün cənab Prezident evimizin açarlarını təqdim etdi. Mehriban Əliyeva ilə birgə tez-tez mənim sərgilərimə gəlirlər. Təqdimat zamanı söz verdim ki, Şuşada böyük sərgi açacağam və bu sərgidə 32 illik yaddaşımdakı Şuşanı təsvir etdiyim əsərlər yer alacaq”.

Başqa bir Şuşa sakini Təranə Ağayeva ilə də görüşüb söhbət etmək imkanımız yaranır. Köç yeni başladığından hələ evinə tam yerləşə bilməyib. 19 yaşında Şuşanı tərk edib, bu gün isə 51 yaşı var. Lakin həmin anları heç vaxt unuda bilmədiyini deyir.

Daşaltı əməliyyatından sonra ailəsi onu Şuşadan göndərib:

“Gənc qız olduğumdan təhlükəsizlik üçün ailəm bu addımı atdı. Lakin düşünürdüm ki, gec-tez Şuşaya qayıdacağam. Qayıda bilmədim. Anam hərbi tibb-bacısı olub və hər iki valideynim may ayına qədər Şuşanı tərk etmədi”.

Təranə xanım bildirir ki, düz 32 il Mərdəkanda “Qaranquş” adlı sanatoriyada yaşayıblar:

“Şükür ki, bu gün Şuşadayıq. Şuşanın azad edilməsi xəbərini eşidəndə o qədər sevinmişdim ki, elə bilirdim, yuxudayam. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu torpaqlar qanından, canından keçən oğullarımız hesabına qayıtdı. Ali Baş Komandan başda olmaqla, ordumuza, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə minnətdarıq”.

Şuşadakı növbəti həmsöhbətimiz Vətən müharibəsi qazisi Bəxtiyar Bəhrəmzadədir. O, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanı əvvəllər görməyib, lakin bu gün anası və həyat yoldaşı ilə birgə Şuşada ömür sürmək üçün buraya köçüb.

...Güclü yağış hələ də davam edir. Əhvalı rahatladan, bolluq-bərəkət rəmzi sayılan yağışın müşayiəti ilə bizi gözləyən avtomobilə tərəf irəliləyirik. Şuşanın yenidən dirçəlməsi və oraya köçün bizdə yaratdığı sevinclə birgə tez bir zamanda yenidən səfər etmək ümidi ilə şəhərdən ayrılırıq.

“Report” İnformasiya Agentliyi