DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Öldürmür, amma süründürür: İnsanlar viruslarla mübarizədə zəifləyiblər? - “Kaspi”nin ARAŞDIRMASI
Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə “vuruşur”. Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur. Sosial şəbəkələrdə “virus öldürmür, amma süründürür”, “qızdırma 39 dərəcədən aşağı düşmür”, “öskürməkdən boğazım qopub düşəcək”, “sümüklərim sızıldayır” kimi xəstə şikayətlərinə rast gəlirik.
Bəs yayılan virus nədir? İnsanlar necə yoluxurlar? Bu virusa yoluxmamağın yolu nədir?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
COVID-19-un yeni variantı ilə üz-üzəyik?
Mövzu ilə bağlı TƏBİB-dən verilən məlumata görə, hər il olduğu kimi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:
“Son günlərdə əhali arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər”.
TƏBİB əhaliyə dəfələrlə çağırışlar edib
Qurumdan bildirilib ki, yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə heç bir əsas yoxdur:
“Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir. TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib. Əhalinin respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və proses davam etdirilir. Bütün bu xəstəliklər hava-damcı yolu ilə yoluxur və hər birinin qorunma yolu eynidir”.
Uşaqlar, hamilə qadınlar, ahıl şəxslər
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da bildirib ki, qış fəsli ilə əlaqədar hazırda mövsümi qrip, müxtəlif respirator virus infeksiyaları, o cümlədən koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir:
“Soyuq aylarda yoluxma hallarının artımı insanların daha çox toplaşdığı qapalı məkanlarda sıx təmaslar zamanı infeksiyaların hava-damcı üsulu ilə yayılması üçün əlverişli şəraitin yaranması ilə əlaqədardır. Bundan başqa, otaqların daha az havalandırılması, xəstəliyin yüngül formalarına rast gəlinməsi səbəbindən xəstələrin evdə oturmayaraq aktiv həyatını davam etdirməsi, tibbi maskadan istifadə edilməməsi, məsafənin gözlənilməməsi, əl gigiyenasına əməl olunmaması bu cür xəstəliklərin nisbətən sürətli yayılmasına öz “töhfəsini” verir. Həmçinin, payız-qış fəslində insanlarda immunitetin dövrü zəifləməsi, soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsiri nəticəsində mikroblara qarşı müdafiə faktorlarının zəifləməsi, qida rasionunda vitamin çatmazlığı, havanın temperaturunun tez-tez dəyişməsi ilə əlaqədar geyimin düzgün seçilməməsi və s. faktorlar da ümumilikdə orqanizmi zəiflədir və yoluxmaya həssaslığı artırır. Bu müxtəlif infeksiyalar içərisində nisbətən daha çox fəsadlı keçən məhz qripdir. Xəstəliyin qızğın dövründə yüksək hərarət, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, baş ağrıları, uzun müddətli quru və yaş öskürək kimi əlamətlər digər respirator infeksiyalarla müqayisədə daha ifadəlidir. Xüsusən də immundefisit halları xəstəliyin uzanmasına, sağalmanın daha gec baş verməsinə səbəb olur. Beş yaşa qədər olan uşaqlar, hamilə qadınlar, ahıl şəxslər, ağır xroniki xəstəliyi olan insanlar daha həssasdır”.
Sadə qaydalara əməl etmək tələb olunur
T.Eyvazovun sözlərinə görə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək tələb olunur. Xəstə insan kollektivə daxil olmamalı, evdə oturaraq özünü təcrid etməlidir:
“Xüsusən, risk qrupuna daxil olan şəxslər əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalı, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməli, əl, respirator gigiyena qaydalarına əməl etməlidirlər. Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalıdırlar. Həssas qrupa daxil olan insanlar isə ərazi üzrə tibb müəssisələrinə müraciət edərək qripə qarşı vaksinasiya olunmalıdırlar. Qida rasionunu meyə-tərəvəzlərlə zənginləşdirmək də tövsiyə olunur”.
COVID-19 virusu var
İnfeksionist-hepatoloq Mərdan Əliyev qeyd edib ki, ölkə ərazisində hazırda bir neçə növ virus özünü göstərir.
İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir:
“Qızılca, rinovirus, rotavirus, qrip, hətta koronavirus da ölkə ərazisində mövsümlə əlaqədar olaraq geniş yayılıb. Koronavirus yüngül keçdiyi üçün bununla bağlı xəstəxanalara kütləvi şəkildə müraciət olunmur, test də edilmir. Bu gün insanların şikayətləndiyi və ağır keçən virus qrip infeksiyasıdır. Xəstəlikdən sonra da uzun müddət öskürək davam edir. Rinovirus, rotavirus daha yüngül keçir, adətən ciddi narahatlıq yaratmır”.
Qrip ağır fəsadları olan xəstəlikdir
Həkim vurğulayıb ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib:
“Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bilirik. Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq. Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir”.
Viruslar hər il öz gücünə güc qatır?
İnsanlar son üç ildə müşahidə olunan xəstəliklərin əvvəlkilərlə müqayisədə ağır keçdiyini vurğulayırlar. Məsələn, “qızılca əvvəlki qızılca deyil”, yaxud “qrip heç vaxt bu qədər sərt olmayıb” kimi fikirlərə tez-tez rast gəlirik. Həqiqətən viruslar hər il öz gücünə güc qatır, yoxsa insanlar mübarizədə zəifləyiblər?
M.Əliyev qeyd edib ki, bu zəifləmə koronovirusun bizə vurduğu zərbələrdəndir:
“Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi. Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dənizkənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillik özünü göstərir”.