Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
30-11-2024, 10:21

Neftimiz bahalaşdı

Xalq rəssamı vəfat etdi
29-11-2024, 05:53

Xalq rəssamı vəfat etdi

31 Ock 16:16Manşet / Gündəm / Dünya

ABŞ İranın qapısını bərkdən döyür: Müharibə olacaqmı? - ŞƏRH

 

ABŞ-İran münasibətlərində gərginlik artır və tərəflərin bir masa arxasında məsələləri müzakirə etmək imkanları məhdudlaşır. İordaniyadakı hərbi bazasının vurulması nəticəsində ABŞ-nin üç hərbçisinin ölməsi və 40-nın yaralanması vəziyyəti daha da mürəkkəbləşdirib. Çünki rəsmi Vaşinqton dünyanın müxtəlif bölgələrində milli maraq və təhlükəsizliyini, hərbçilərinin həyatını qorumaq üçün mövcud olduğunu bildirir. ABŞ həm də müttəfiq və tərəfdarlarının təhlükəsizliyinin qayğısına qaldığını da vurğulayır.

Bu ilin yanvarından İordaniya Hava Hücumundan Müdafiə Qüvvələri Suriyanın cənubunda İranın dəstəklədiyi qüvvələrə məxsus obyektlərə dəfələrlə zərbə endirib. Məlumatlara görə, həmin dəstə silah və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olurmuş. Ümumiyyətlə, bu ay ərzində İordaniya hərbi aviasiyası Suriya ərazisini üç dəfə bombalayıb. Bu hücumlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Həsən Əsgəri öldürülüb.

Tehran və Vaşinqton yalnız İraq, Suriya və Yəməndə deyil, İordaniyada da bir-birinə qarşı müharibə aparır.

ABŞ-nin adı açıqlanmayan rəsmi nümayəndəsi “ABC News”a bildirib ki, İordaniyada məlum hadisə nəticəsində üç amerikalı hərbçinin ölməsinə cavab olaraq yaxın günlərdə İranın çoxlu hədəflərinə zərbələr endirəcəklər: “ABŞ qüvvələrinə qarşı bu hücumlara şərait yaradan obyektlərə və insanlara qarşı çox dəqiq, planlaşdırılmış həmlələr olacaq”.

Birləşmiş Ştatlar Prezidenti Co Bayden İranın regiondakı qruplaşmaları silahlandırmasına görə məsuliyyət daşıdığını bildirib. Bununla belə o, Yaxın Şərqdə müharibənin genişlənməsinə səy göstərmədiklərini də söyləyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İordaniyadakı ABŞ bazasına hücumun məsuliyyətini SEPAH-ın İraqda dəstəklədiyi qruplar daşıyır.

Tehran hakimiyyəti İordaniyada Birləşmiş Ştatların hərbi bazasının vurulmasında əlinin olduğunu təkzib edib. SEPAH-ın komandanı, general-leytenant Hüseyn Salami qarşı tərəfin açıqlamalarına cavab olaraq bildirib ki, ABŞ-nin hədələrindən qorxmurlar: “Bu günlərdə ABŞ rəsmilərinin sözlərindən bəzi təhdidlər eşidirik. Onlara deyirik ki, siz bizi sınaqdan keçirmisiniz və biz bir-birimizi tanıyırıq. Biz heç bir təhlükəni cavabsız qoymuruq”. O, müharibə axtarmadıqlarını, amma savaşdan da qorxmadıqlarını bildirib.

İndiyədək Pentaqon (ABŞ Müdafiə Nazirliyi) İranın Suriya və İraqdakı bir sıra hərbi obyektlərini, yaxud onun dəstəklədiyi silahlı qruplaşmaların mövqelərini vurub. İranın “islam müqavimət hərəkatı” kimi təqdim etdiyi dəstələr də ABŞ-nin hərbi bazalarına zərbələr endirib. Bu hadisələr nəticəsində amerikalı hərbçilər yaralanmışdı, ancaq ölümlə bağlı məlumat yayılmamışdı.

HƏMAS-İsrail müharibəsi ilə İranın bölgədəki kartları açıldı. Hətta, ehtiyat etdiyi məsələlər də məlum oldu. ABŞ və İsrail Yaxın Şərqdə baş verən silahlı münaqişələrdə iştirakını gizlətmir. Tehran hakimiyyəti isə Qüds qoşunu və hərbi təlimatçıları ilə regionda mövcud olduğu halda bunu gizlətməyə çalışır, yaratdığı silahlı dəstələr vasitəsilə proseslərə müdaxilə edir. Yəni həmin qrupların arxasında gizlənirlər. Bununla da məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Bu baxımdan Hüseyn Salaminin açıqlaması da daha çox ictimai rəy üçün nəzərdə tutulub.

HƏMAS vasitəsi ilə başlayan müharibə həm də regionun başqa dövlətlərin məsələyə münasibətini aşkarladı. Bu məsələdə İran daha qabarıq görünməyə başladı. Məlum oldu ki, Yaxın Şərqdə sabitliyi pozan əsas qüvvə Tehran hakimiyyətidir. Bu isə perspektivdə onun bölgə ölkələri tərəfindən müdafiəsində problem yarada bilər.

Mövcud gərginlik fonunda əsas sual budur ki, ABŞ-İran müharibəsi olacaqmı? Birləşmiş Ştatların İslam Respublikası ərazisində açıq müharibəyə girəcəyi ehtimalı azdır. Bununla belə nöqtəvi zərbələrin endiriləcəyi də istisna edilmir. İran mümkün belə vəziyyət qarşılığında ABŞ-nin regiondakı müttəfiqlərinin ərazilərinə hücumlar edə, yaxud obyektlərinə zərbələr endirə bilər. Hətta Birləşmiş Ştatlar ərazisində də qarışıqlıq yaratması ehtimalı da yox deyil.

ABŞ maraqlarını qorumaq üçün Yəmən, Livan, Suriya, İraq, Livanda müxtəlif formalarda İrana qarşı müharibə aparır, amma bunu müxtəlif cür adlandırırlar. İstənilən halda bu, mahiyyət etibarı ilə savaşdır. Bir tərəfdə ABŞ hərbçiləri və maraqları, o biri tərəfdə isə İran hakimiyyətinin özünü qorumaq, Xameneinin “islam inqilab doktrinasının yaymaq” üçün “müqavimət hərəkatı” adı altında qurduğu qruplaşmalar, Qüds qoşunu durur. Sadəcə döyüşlər onların ərazisində getmir. Ancaq bu qarşıdurmadan daha çox İran cəmiyyəti əziyyət çəkir. Çünki bu ölkənin vətəndaşları heç bir maliyyə qarşılığı almadan başqa ölkənin torpaqlarında döyüşür, Tehran hakimiyyətinin iddia və hikkəsinin qurbanı olurlar. İran isə vətəndaşlarının cibindən xərcləyir. Ölkənin iqtisadi vəziyyəti görünən qədər ağırdır və s.

Vaşinqton isə bu qarşıdurmada Suriya və İraqı qazanıb. Başqa sözlə ABŞ və İsrailə qarşı apardığı 45 illik müharibənin nəticəsi İslam Respublikasının ziyanınadır. Əvvəllər İran sərhədlərindən uzaqda olan ABŞ artıq Tehranın qapısını bütün ətraf ölkələrdən, hətta, Ermənistandan belə döyür. Odur ki, tərəflər arasında müharibənin elan olunacağını gözləməyə dəyməz. O onsuz da var...

“Report” İnformasiya Agentliyi