Menu
Xəbər Lenti
03 Haz 15:47Manşet / İqtisadiyyat

Azərbaycanda Avro-5 benzini bu tarixdən istehsal ediləcək

Azərbaycanda Avro-5 benzini bu tarixdən istehsal ediləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) Avro-5 standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.

Bunu “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

O qeyd edib ki, bu ilin üçüncü rübündə isə Avro-5 standartına uyğun olan dizel yanacağının istensalına başlamaq planlaşdırılır:

“Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər qurğuların işə salınması səviyyəsindədir. İlk növbədə hidrogen qurğusu, növbəti mərhələdə isə digər qurğular işə salınacaq, bu proses gələn ilin ortalarına qədər davam edəcək. Hidrogen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır”.

E.Alxaslı bildirib ki, nəticədə zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal ediləcək:

“Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək. Yenidənqurma və modernizasiya işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə tələbatını 2040-cı ilə qədər tam ödəməkdir. Öz növbəsində, artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək”.

"Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin sonuna planlaşdırılır. Layihə nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək”, - deyə E.Alaxalı əlavə edib.