Menu
Xəbər Lenti
25 Eyl 06:22Manşet / Dünya

İran nüvə sazişinin bərpasına ciddi yanaşdığını bildirib

 

“İran hakimiyyəti, əgər sazişin digər tərəfləri bu addımı atmağa hazırdırsa, respublikanın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələsinə ciddi yanaşır”.

Bunu Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan deyib.

“ABŞ ilə məhbusların mübadiləsi və İranın Cənubi Koreyadakı dondurulmuş aktivlərinin sərbəst buraxılmasından danışan ölkəmizin xarici işlər naziri deyib ki, biz JCPOA barəsində BMT Baş katibi ilə həmişə səmərəli məsləhətləşmələr aparırıq. ABŞ ilə əlaqələr davam edir və Oman sultanının JCPOA-nı bərpa etmək planı hələ də nəzərdən keçirilir. Əgər digər tərəflər hazırdırsa, biz JCPOA-nı bərpa etməyə hazırıq və bütün tərəflərin Omanın təşəbbüsü çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə qayıtmaqlarını istəyirik”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.

Xatırladaq ki, JCPOA 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmağa dair qərar verib. İndiki ABŞ lideri Co Bayden isə Vaşinqtonun nüvə sazişinə qaytarmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Qeyd edək ki, Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa 2021-ci ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formasını bərpa etmək üçün danışıqlar aparırlar. 2022-ci il noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Avstriya paytaxtında İslam Respublikasının nümayəndələri ilə danışıqların növbəti mərhələsinin heç bir nəticə vermədiyini bildirib.

İyulun 24-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani Çafi bildirib ki, Qətər və Oman JCPOA-nın bərpası çərçivəsində İrana qarşı sanksiyaların ləğvi və onun aktivlərinin sərbəst buraxılması ilə bağlı danışıqları təşviq etməyə, həmçinin məhbus mübadiləsi aparmağa hazır olduqlarını bildiriblər. Sentyabrın 18-də Doha və Maskatın vasitəçiliyi ilə İran və ABŞ arasında “beşə beş” məhbus mübadiləsi baş tutub. Sazişin şərtlərinə əsasən, İran ABŞ sanksiyaları səbəbindən Cənubi Koreya banklarının hesablarında bloklanan təxminən 5,9 milyard dollarlıq aktivlərinə çıxış əldə edib.

Mənbə: Oxu.Az