Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dünən, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:00

Azərbaycan polisi and içir

Könül adamı...
30-06-2025, 14:11

Könül adamı...

04 İyul 2025 10:47Manşet / Sosial

“Özbəkistan bizim üçün dost və qardaş ölkədir” - Kamaləddin Qafarov

 

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən 2 ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşir:

“Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramı müəyyənləşdirilib. Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələri üçün çox sağlam bünövrədir.

Bu gün Azərbaycan və Özbəkistan bütün Türk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən, müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütün sahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinə xidmət edir”.

K. Qafarov Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeyd edib:

“Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçıları Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühüm tarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yeni kompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədər geniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq, praktiki olaraq, bir çox layihələrlə təmin edilib.

Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunan planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar”.