Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Qüdrət Qurbanov dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir.
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
"Doktor Davud" tibb mərkəzinin Baş həkimi Davud Qüdrətov: "Ramazan ayının fəzilətləri"
İş adamı Cəbrayıl Cəbrayılov “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan xanımlarına təbriki.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
YENİ NƏŞR - "E ş q n a m ə"
Çingiz Ərəbli, Eşqnamə.
Bakı, "Maarif" nəşriyyatı, 2025, 320 səh.
Redaktor və ön söz müəllifi: Tapdıq Əlibəyli
ISBN:978-9952-449-22-2
POEZİYASINA İLAHİ EŞQ HAKİM OLAN HƏKİMİN KÖNÜLLƏRİ FEYZ ŞƏBNƏMLƏRİNƏ QƏRQ EDƏN “EŞQNAMƏ”SİNİN OVQATINDA
Oxucunu özünə ahənrüba kimi cəzb edən “Eşqnamə”nin ilahi eşq təlqinləri ovqatında bəndə bu beytə bənd olub:
Bir könüldən min könülə,
Aşiq olan gələr dilə...
Bu şehli, duyğulu misraların ədəbi mehi, əsintiləri düşünürəm ki, Haçı Çingiz Ərəblini dilə gətirən eşqin izharı, müəllifi olduğu “Eşqnamə”nin ədəbi formuludur.
Dünya ədəbiyyatının poeziya zirvələrindən olan, mütəfəkkir, eşqin ilahi şairi Nizami Gəncəvininn təbirincə
Eşqdir məhvəri uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Mövlana Cəlaləddin Rumi isə “Eşq sandığın qədər yox, yandığın qədərdi” deyirdi. O da ola ilahi eşq...
Çingiz Ərəblinin “Eşqnamə”si mövzu səciyyəsinə görə, Quran qissələri, səmavi kitab təlmihləri, folklor örnəkləri, fəlsəfi-teoloji baxışlar, elmi-nəzəri biliklər fonunda şərtlənir ki, bu vəhdət şair təxəyyülünün zənginliyində mənəvi dünyamızı fejz şəbnəmlərinə qərq etmək özəlliyində olan poetik çalarlarla süslənib. Elə mən də bu ovqatda düşüncələrimi dilə gətirmək istərdim. Əvvəla, qeyd edim ki, ixtisasca həkim olan İbadullayev Çingiz Əlisahib oğlunu şair kimi çoxdandlr ki, tanıyıram. İllər öncə Həcc ziyarətində olub. Çingiz Ərəbli imzası ilə “Sevdalıyam” (2004) və “Görüşdük təsadüfən” (2006) kitabları nəşr olunub. Onun ifadə tərzi təbii, fikirləri səmimidir. O, hadisələri poetik çalarlara boyamağı ustalıqla bacarır. Ən ümdəsi isə odur ki, şeirlərin qayəsi ictimai fikir kimi səslənə bilir.
Teoloji baxışlara görə, Tanrı dünyanı öz sevgisinin “marağına” yaradıb; sevə-sevə yaradıb. Dünyanın, kainatın nizamı sevgi üstündə qərar tutub. Yol getdiyin yerdə bir də baxıb görürsən ki, sərt “örtükdən” cücərti günəşə boy göstərmək istəyindədir. Bu, təbiətin sevgidən doğan bir məqamıdır. Sevgi məqamına bağlanan poeziya da belədir. Çingiz Ərəblinin poeziyası məhz bu qəbildəndir. Poeziyasının məhvərində xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa, Vətənə sonsuz məhəbbət ülviyyəti duran həkim-şairin həyat qayəsi insanlığa sevgi məqamındadır.
Şeirlərini oxuduqca görmək olur ki, Çingiz Ərəbli bəzən özü ilə baş-başa qalmaqdam məmnundur. Ruh adamının, könül adamının öz dünyasına çəkilməsi heç də tərki-dünyalıq yox, dünyanın subyektiv qismdə solğunlaşması, arzu- istək, ülvi dəyərlər fonunda təzadlarla üz-üzə qalmaqdan qaynaqlanır. Təbii ki, bu baxışın özülü insanlıq həqiqətinə, haqqa dayaqlanır.
Çingiz Ərəblinin şeirlərində poetik baxışın əhatə dairəsi geniş və rəngarəngdir. Bu poeziya milli və bəşəri dəyərləri tarixi və çağdaş kontekstində assosiasiya aparmaqla təqdim edir. Şübhəsiz ki, bu cəhət şairdən məharət və təcrübə tələb edir.
Vaxtın bərəkətdən düşən vaxtında, texniki yüksəlişin sürətlə getdiyi bugünkü industrial dünyada, atomdan çox-çox kiçik və ya subatom hissəciklərdən ibarət olan sistemlərin davranışlarını modelləşdirmək və təxmin etməkdə istifadə olunan kvant fizikasından pasiyentlərə gen məlumatlarına əsaslanan diaqnoz qoyulmasında istifadə olunan səviyyəyədək hər bir sahədə tətbiq olunan süni intellekt dövründə belə bir əsərin yazılması hansı zərurətdən doğur və buna nə dərəcəcədə ehtiyac duyulur?
Əxlaqi gözəllik və mənəvi təmizliyi özündə ehtiva edən bədii təfəkkür örnəklərinə, poetik nümunələrə mənəvi aləmi zənginləşdirmək baxımından hər zaman ehtiyac duyulur.
Onu da qeyd edək ki, zaman - zaman Qurani-Kərim və ayrıca olaraq Quran qissələri bədii fikrin istiqamətlənməsində mühüm rol oynamışdır. Belə ki, divan ədəbiyyatımızın özülçüsü Qazi Bürhanəddinin, Azərbaycan türkcəsində yaranmış fəlsəfi şerin tacdarı Nəsiminin, Azərbaycan dövlətçiliyi tarixində misilsiz xidmətləri olan hökmdar-şair Şah İsmayıl Xətainin və klassik ədəbiyyatımızın zirvəsində dayanmış Məhəmməd Füzulinin ədəbi irsində bu cəhət misilsiz mənəvi-bədii dəyərləri, əxlaqi-didaktik əhəmiyyəti ilə özünü qabarıq şəkildə göstərir.
Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var. Hansı ki, mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət... Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii - “nizamlı” söz - şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.
Bir həqiqət də var: mənəvi dünyamızın aynası, ruhumuzun tərcümanı sayılan poetik söz dünyasının işığına üz tutan söz pərvanəsinin özü də işığa dönür. İşıq isə bəlli olan həyat ünsürlərindən biridir. Bu əzəli-əbədi həqiqəti dərk edən, sözə könül verən söz ziyarətçisi kimi sözə üz tutmağın ilkinliyi görən haradan və necə başlayır? Şeirin əzəli təcəllisi hansı qaynaqdan intişar edir?.. Bu ritorik suallarla “Eşqnamə”nin ” qutsal ab-havasında bir daha duyğulanıram, misra -misra şeir-şeir...
Qutsallıq havasına köklənən bədii söz müəllifin dərkindən keçən məqamların təzahürü, bədii təxəyyülün rənginə boyanan gerçəkliyin inikasıdır.
Yaşanmış duyğu və düşüncələr mənəvi ab-havanın ovqatı kimi səciyyələnir. Bədii təfəkkürün süzgəcindən keçirilən yaşantılar obrazlı ifadələrlə sərgilənir, İLAHİ sevgi misra-misra, söz-söz şeirin təlqin aurasına sirayət edib. Təbii ki, bu cəhəti səciyyələndirən əsasən şairin həyat qayəsi və ədəbi xislətidir.
Təbii ki, müəllifin poetik istedadının aynasına çevrilən, dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən poetik çalarlar da özünəməxsusluğu ilə diqqət çəkir.
Həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun olan bu poemada Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin islam dünyasında rolu poetik incəliklə, özəlliklə təsvir edilib.
Məmnunluqla qeyd edim ki, poemada məharətlə fabula sərgiləmək, süjet xəttində maneralar, maraqlı xarekter yaratma üsulları dolğun şəkildə təzahür edir. Çingiz Ərəbli hadisələrin təsvirini elə səpkidə qələmə alır ki, obrazlı desək, sanki torpağı yumşaldıb əkin üçün yararlı vəziyyətə gətirir... Təbii ki, bu məziyyət şairdən böyük səriştə, zəngin təxəyyül, dərin bilik, sərrast müşahidə qabiliyyəti tələb edir.
Əslində şeir duyğuların dilidir. Duyğuların dilə gəldiyi məqamlardır. Düşünürəm ki, könüllərə feyz şəbnəmləri səpmək duyğusallığı yaşadacaq söz fəsahəti ilə baş-başa qalmağa dəyər.
İnanaırıq ki, “Eşqnamə” minillik ədəbiyyatımızın poeziya havasına qarışmaqla çağdaş ədəbi mühitimizdə dan yerini şəfəqləndirən günəştək nurlanacaq, qutsql qayəsi ilə bəşərin əzəli-əbədi ülviliiklərini oxucu düşüncəsində məhrəm duyğulara çevirəcək.
Tapdıq ƏLİBƏYLİ
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü