Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
REKVYİEM
SALAM, CƏNAB BAŞ LEYTENANT!
Açılan sabahların yolu qaranlıq gecələrdən keçir.
Gəncədən başlayan BÖYÜK YOL...
Dünyada sonuncu sözünü demək nə qədər gözəl arzu olsa da, hələ tez idi, çox tez idi, Rauf üçün tez idi. Rauf, elinin, obasının, yurdunun, torpağının, Vətəninin oğlu idi. Rauf, insanlığın dostu idi. Rauf, Tanrının dostu idi. Hamıya, hər kəsə gərəkli Rauf. Hər kəsin öz Raufu idi O! Bu baxımdan da qəhrəmanlığı, şücaəti, mərdliyi dillər əzbəri olan şəxsiyyət üçün “Son söz” anlayışı qalmır. Onun özü, sözü, insani fədakarlıqları, qəhrəmanlıqları xalqının, əziz, doğmalarının, dostlarının, yoldaşlarının, onu tanıyan hər kəsin ürəyində, qəlbində, ruhunda “Ulu söz”, “Ulu əməl” kimi taleyini yurdun, Vətənin taleyinə qatdı. Ölməz ruh kimi yaşadığına görə “İlk”, “Son” kəlmələri onun üçün, Rauf üçün unudulur. Rauf həmişəyaşar ruhdu. Rauf ucalıqdı, Rauf irfanilikdi, Rauf sevindirəndi, Rauf Böyük nümunədi. Rauf sübut etdi ki, Vətəni, torpağı, ananı, övladı, insanlığı, dostu, yoldaşı necə sevərlər. Onun yaşadığı həyat qısa olsa da, Rauf Ulu ruh idi. Səxavət, ləyaqət, şərəf, duyma, həssaslıq kimi insani xüsusiyyətlər Tanrıdan verilən bir lütf idi ona. Rauf fədakarların fədakarı idi. Heç kəsin qəlbinə dəyməzdi. Bunu hamı bir ağızdan söyləyir. Kiminsə ağlamağına, sıxıntılarına dözməzdi. Bu rekviyemdi. Rauf Əsgərov haqqında xatirələr silsiləsi onun əziz xatirəsinə və əbədi ruhuna ithaf olunmuş “Bir ömür bayatısı” sənədli povestində öz əksini tapacaq. Bu sadəcə Raufun ruhuna olan sevginin, etiramın izharıdır. 26 oktyabr bu dünyanın əziz qonaqlarından biri olan Rauf Əsgərovun şəhadətə yüksəlməsinin 4-cü ildönümüdür. Sadəcə bir bacı ərmağanıdır bu sözlər. Səndən doymadıq əzizimiz Rauf. Nurlar içində yat. Bunu deməyə ehtiyac da yoxdur, onsuz da belədir. Əziz qardaşım, Göylərdən Vətən necə görünür, yolunda qan tökdüyün, can verdiyin, qan tökdüyünüz, can verdiyiniz Ana Vətən?!
İllər boyu kəfənini boğazında yaşadın,
Sinəni səngər etdin, səngərində yaşadın.
Sən uzaq dost deyildin, qanı bir qardaş idin,
Masası ocaq daşı, yol daşı Hacı Rauf,
Millətinin Qardaşı, Qəhrəman Hacı Rauf...
Zəruri giriş: Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.Vətən müharibəsinin qəhrəmanlarından biri Rauf Əsgərov sağlığında xeyirxahlığı ilə Gəncədə sevilən şəxslərdən olub. O, “Varındır ver, yoxundur götür” xeyriyyə mağazasına daim yardımlar edib.
Anası Briliyant Əsgərovanın dediyinə görə, yas məclisində tanımadığı adamlar gəlib Hacı Raufun onlara etdiyi yardımlardan danışıblar. Halbuki bunlardan nə ailəsinin, nə də yaxınlarının xəbəri olub. Özünə məxsus atı belə satıb, başqa bir şəxsin borcunu ödəyib. Vətənpərvərlik hissi Raufda hələ uşaq yaşlarından özünü göstərib. 20 Yanvar hadisələrindən sonra o, təhsil aldığı məktəbin rus bölməsindən çıxıb. Uşaq olsa da, “meydan hərəkatları”na qoşulub. “Tovuz hadisələri”ndən sonra könüllü şəkildə Orduya yazılıb.
“AzerGold” QSC-nin Təmir-tikinti və Energetika Şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışan Rauf Əsgərov Vətən müharibəsi başlayanda işini, ailəsini geridə qoyaraq döyüşə yollanıb. Hətta döyüş gedən ərazilərə göndərilmək üçün israr da edib. Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən baş leytenant 26 oktyabr 2020-ci ildə əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub.
Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, 3 övladı Vətənə yadigar qalıb.
Pərvanə Mirzə qızı İmanquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri.