DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Azərbaycanlı iş adamı Üzeyir İsmayılov: Birinci xanım Mehriban Əliyeva - bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb
Müasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri var. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırıblar, bütün cəmiyyətdə mehribanlığın bərqərar olmasına ciddi töhfələr veriblər. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir. Mehriban xanımın həyat fəaliyyəti üzərində geniş dayanmağa böyük ehtiyac duyuruq.
Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da saysız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə, sözün həqiqi mənasında, bütün dünya qadınları üçün örnək ola bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.
Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmlisi onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir.
Mehriban xanımın həyat yoluna nəzər saldıqda, daim mədəniyyət, xeyriyyə, qayğı, yardımetmə kimi humanist fəaliyyətdə olduğuna tam əmin oluruq. Uzun illərdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi, vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları ilə böyük maraq doğurub. Fond Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb.
Bu xüsusda Heydər Əliyev Fondunun Gürcüstanda kilsələrə təmənnasız yardım etməsini vurğulamamaq mümkün deyil. Fondun birbaşa dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasını ayrıca qeyd etmək lazımdır. Versal sarayında isə Mehriban xanım tarixi incəsənət abidələrinin bərpası işlərini təşkil edib. Bunlardan başqa, İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qalasının və Vatikan arxivində saxlanılan nadir əlyazmaların da bərpasını Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Fond həyata keçirib. Vatikanda yerləşən qədim heykəllərin bərpası barədə italyanlar indi də razılıq hissi ilə danışırlar. Roma şəhərində yerləşən Kapitoli Muzeyində “Filosoflar zalı”nı bərpa edən Heydər Əliyev Fondu bu sahədə ən böyük nailiyyətlərə belə imza ata bildiyini sübut edib.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva – bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb. O, Azərbaycan qadınının kimliyini dünyaya uğurla təqdim edir. Bu kimliyin əsasında isə canı qədər sevdiyi Azərbaycanın yüksəlişi, onun beynəlxalq miqyasda uğurlu təqdimatı, doğma xalqının rifahı dayanır.
Birinci xanım statusunu insanların problemlərinə kömək üçün fürsət kimi dəyərləndirən Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Təsdiq edir ki, Birinci xanım təkcə həyat yoldaşı deyil, dövlət başçısını xarici və ölkədaxili səfərlərdə sadəcə müşayiət etmir, bu status onun üzərinə çox mühüm vəzifələr qoyur və o, bu vəzifələrin öhdəsindən məharətlə gəlir...
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradan Mehriban xanım Əliyeva xalqımızın maddi-mənəvi sərvətlərini tanıtmaq yolunda nəcib işə başlayır. Fəaliyyətinin mühüm göstəricisi isə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında əks olunur. O, diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.
Azərbaycan mədəniyyətinin, musiqisinin, mədəni irsimizin, adət-ənənələrimizin qorunması, dünyada geniş təbliği Mehriban Əliyevanın ali məqsədləri sırasındadır. Onun çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alır, muğam dünya musiqisinə çevrilib...
Birinci xanım ölkəmizdə ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrin bərpası və tikintisinə böyük dəstək göstərir, tolerantlığın və mədəniyyətlərarası dialoqun təbliğinə böyük töhfələr verir, onun təşəbbüsü ilə kilsə və sineqoqların bərpası uğurla həyata keçirilir.
Müxtəlif ölkələrdə irimiqyaslı humanitar, sosial layihələr, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə, tarixi abidələrin bərpasına böyük dəstəyi isə Birinci xanımı Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevirib.
Onun güclü təşkilatçılıq bacarığı ölkəmizdə keçirilən qlobal tədbirlərin təşkilində də xüsusi rol oynayıb. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi fədakar əməyi Birinci xanımı xalqın gözündə bir daha ucaltdı. Bu, özünü IV İslam Həmrəyliyi Oyunlarında da göstərdi.
Onun fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır. Buna görədir ki, 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədə çox müsbət qarşılandı. Bu təyinatdan dərhal sonra daha qətiyyətli işlərə başladı, ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi, əsas diqqəti bu problemlərin həllinə yönəltdi.
Vətən üçün canını qurban verən şəhidlərin məqamı onun üçün də ucadır. Birinci vitse-prezident şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, Azərbaycanın müstəqilliyinin qorunması yolunda yaralanan zabit və əsgərlərimizin sağlamlığının bərpası üçün mühüm tədbirlər görür.
O, həm də gözəl həyat yoldaşıdır – ailəsinə yetərincə diqqət ayırır, Anadır – layiqli övladlar tərbiyə edir, nəvələrinin qayğısını çəkir...
Onun şəxsiyyəti və fəaliyyəti dünyanın da diqqətindədir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi şərəfli adlara layiq görülməsi də bu diqqətin təzahürüdür. Parlaq uğurları layiq görüldüyü saysız-hesabsız nüfuzlu mükafatlarda da əks olunur. O, siyasət adamıdır, amma onun üçün ən böyük siyasət insanların xoşbəxtliyi yolunda fədakarlıq göstərməkdir. Özünün dediyi kimi, ən böyük mükafat isə insanların hörməti və sevgisidir...
Hazırladı: Hacı Pərviz Həsənli