DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Dost Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinə ölkəmizdə böyük əhəmiyyət verilir
Azərbaycan və qazax xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Martın 11-də iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Həmin gün iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Dövlət başçıları Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Görüş çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb, daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, ölkəmizdə dost Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət verilir. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib.
Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib: “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.
Görüş zamanı Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik edən dövlətimizin başçısı vurğulayıb: “Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik”.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Mətbuata bəyanatında ölkə başçısı İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.
Həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.
Ölkə başçısı öz çıxışında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını bildirib. Prezidentlərin görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi də ətraflı müzakirə edilib. Prezident İlham Əliyev həmkarına danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan bu məsələdə maraqlıdır və məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.
Prezidentlərin görüşü zamanı həmçinin qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə edilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəlinib. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü