Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

18 Tem 10:36Manşet / Gündəm

İşçi ixtisar olunarkən onun kompensasiya ödənişi necə hesablanmalıdır? - AÇIQLAMA

 

Bəzən deyirlər ki, insan çalışdığı müəssisədə uzun illər qalmamalıdır. Bu, onun özünü təkmilləşdirməsinə əngəl olur. Bu fikirlə razılaşanlar, əlbəttə, olacaq. Amma cəmiyyətin böyük qismi sabit iş yerinin olmasında maraqlıdır. Təəssüf ki, bəzən müəyyən ixtisarlar bu arzunun üstündən xətt çəkir. Bu zaman işçi sosial tərəfdən çətin durumda qalır. Bəs neçə işçi ixtisara salınarkən kompensasiya tələb edir? Neçə işəgötürən işçinin bu hüququnu qoruyur?

Ümumiyyətlə, işçi ixtisar olunarkən ona nə qədər kompensasiya ödənilməlidir? Qanun bu məqamda işçinin, yoxsa işəgötürənin tərəfindədir?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.

Ekspertin sözlərinə görə, bu məsələ Əmək Məcəlləsinin 77-ci maddəsinə (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) əsasən tənzimlənir:

“Belə ki, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. Yəni:

- bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;

- bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;

- beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;

- on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

Qeyd edim ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir”.

N.Xəlilov işdən çıxarma müavinəti ilə bağlı məsələni də şərh edib:

“Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:

- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının iki misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır”.

Oxuculara aydın olsun deyə işdən çıxarılma müavinətinin ödənilməsinə dair hesablanma qaydasına müvafiq nümunə qeyd edirik:

Misal. Dörd il əmək stajına malik işçi 14.02.2019-cu il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad olunmağa dair bildiriş alıb. 77-ci maddəyə uyğun olaraq dörd təqvim həftəsi öncədən xəbərdar edilib. İşçi ilə işəgötürənin razılığına əsasən, xəbərdarlıq müddəti əvəzinə, əməkhaqqısı birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi qərara alınıb. İşçinin aylıq əməkhaqqısı 1 980 manatdır.

Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır. Alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İşçinin dekabr və yanvar aylarında aldığı əməkhaqqı 1 980+1 980 = 3 960/(20+21)=96,59 AZN;

2019-cu ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,17-dir. Deməli, orta aylıq əməkhaqqı 96,59 x 20,17= 1 948 AZN.

Nümunədə işçinin bir ildən beş ilədək sosial sığorta stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödənilir. Yəni:

1 948 x 1,4 = 2 727,2 AZN

Xəbərdarlıq müddəti əvəzinə müavinətin hesablanması isə - 1948 x 0,9 = 1 753,2 AZN olacaq. İşçi cəmi 2 727,2 + 1 753,2 = 4 480,4 AZN müavinət alacaq.

Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə bağlı əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik müavinətlər Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və həmçinin də məcburi dövlət sosial sığorta haqqından azaddır.

Könül Cəfərli