Xəbər Lenti
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Xaçmazda Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı təşkil olunub
Ölkə üzrə gilas bağlarının 35 faizi, istehsal olunan gilasın isə 42 faizi Xaçmazın payına düşür
İyunun 25-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilib.
Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Xaçmaz şəhərindəki “Zəfər” parkında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, şimal rayonlarının icra hakimiyyətlərinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Festivalın açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək qonaqları salamlayıb, rayonda kənd təsərrüfatı sahəsinin inkişafı haqqında məlumat verib. Bildirilib ki, Xaçmazda 50 min hektar suvarılan sahə, 25 min hektara yaxın bağ sahəsi mövcuddur. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda, kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Xaçmaz rayonunda təkcə gilas bağlarının sahəsi 4 min hektardan çoxdur. Son bir ildə gilas bağlarının sahəsi 1200 hektar artıb. Bu da ölkəmizdə fermerlərə və sahibkarlara göstərilən diqqətin nəticəsidir. İntensiv bağlara görə fermerlərə subsidiyaların verilməsi təsərrüfatçıları yeni bağlar salmağa stimullaşdırır.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında bildirib ki, son dövrlər ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır. “Albalı və gilas” festivalı da belə tədbirlərdən biridir.
“Hər il mövsüm zamanı albalı və gilas süfrəmizi bəzəyən meyvələr olub. Bu məhsullar təkcə qida baxımından deyil, həm də iqtisadi baxımdan populyar meyvələr sayılır. Ölkəmizdə hələ tarixən çox sayda gilas və albalı bağları olub. Az qala hər kəsin həyətində bu meyvə ağaclarına rast gəlmək olar. Azərbaycan üçün ənənəvi bazarlarda bu məhsullara tələbat ildən-ilə artır. Bu səbəbdən ölkəmizdə son illər gilas bağlarının salınmasına üstünlük verilir”, - deyə nazir müavini söyləyib.
“Albalı və gilas” festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35 faizi, istehsal olunan gilasın isə 42 faizi Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21 faiz çox, yəni 97 sentner təşkil edib. Bu, kifayət qədər böyük rəqəmdir. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayon sayıla bilər.
Sarvan Cəfərov bildirib ki, Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Bu il də xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir götürürlər. Məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir. Bu səbəbdən dövlət müasir intensiv bağların salınmasını dəstəkləyir, bu sahəyə subsidiyalar ayırır. İntensiv gilas bağları salan fermerlərə, sahibkarlara ilk 4 il ərzində hər hektara görə 730 manat, sonrakı illərdə isə 250 manat subsidiya ödənilir. Eyni zamanda, bağlarda quraşdırılan müasir suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət ödəyir. Bu dəstək tədbirləri fermerləri müasir bağlar, o cümlədən gilas bağları salmağa həvəsləndirir. Nəticədə məhsul istehsalı, ixracat artır, gəlirlər çoxalır. Dövlət bu səbəbdən meyvə bağlarının salınmasına dəstək tədbirlərini gələcəkdə də davam etdirəcək.
Tədbirdə çıxış edən Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev assosiasiyanın fəaliyyəti barədə məlumat verərək, assosiasiyada ölkə üzrə 300-dən çox üzvün birləşdiyini diqqətə çatdırıb. Bildirilib ki, bundan əvvəl may ayında Cəlilabadda “Çiyələk”, indi isə Xaçmazda “Albalı və gilas” festivallarının təşkil olunması bu məhsulların müxtəlif növlərini, giləmeyvələrdən hazırlanan məhsulları nümayiş etdirmək məqsədi daşıyır.
Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimatlarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar.
Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib.
Mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib.