Menu
Xəbər Lenti
23 Ekm 13:36Manşet / Gündəm / Səhiyyə

Səhiyyəmizin uğurları günbəgün artmaqdadır

 

Məqsəd tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhatə dairəsini genişləndirməkdir



 

Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə edilməsi bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir.


İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti, səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək.


2017-ci ildən etibarən sığorta sisteminin pilot layihə şəklində tətbiqi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarını əhatə etmiş və müsbət nəticələr vermiş, 2020-ci ildən ölkə üzrə mərhələli tətbiqinə başlanılmışdır. 2021-ci ildən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.


Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığın, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.


2022-ci il may ayının 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş oldu: "2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27.305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib".


Onu da qeyd edək ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin artırılması, ümumilikdə 3.000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.


Mütəxəssislərin qənaətinə görə, tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə dairəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var. Söhbət əhalinin, vətəndaşların sağlamlığından gedirsə, burada dəqiq və praktik mexanizmlər tətbiq olunmalıdır. İcbari tibbi sığorta sistemi Azərbaycan üçün yenilikdir. Bu baxımdan, əhalinin daha çox maarifləndirilməsi zərurətdir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından geniş imkanlar açır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində son illər ərzində səhiyyəmiz mütəmadi olaraq inkişaf edir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda yeni tibb ocaqları tikilir, tibb müəssisələri təmir edilir, maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır.


Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatları uğurla həyata keçirilir. Hazırda tibb müəssisələrinin və xəstələrin "təhlükəsiz" donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir. Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır.


Hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.


Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş Dövlət proqramlarının xüsusi rolu olub. İndi "Şəkərli diabet xəstəliyi üzrə üçüncü Dövlət Proqramı" da uğurla icra olunur. "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərilən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.


Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Böyrək köçürülməsi əməliyyatı da uğurla davam etdirilir. 2018-2022-ci illər üçün "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" çərçivəsində 1.200-dək xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksək effektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar.


Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində son illərdə malyariyanın yerli yoluxması baş vermir. Bu nailiyyət Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qiymətləndirilmişdir. Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.


2019-cu ildən bütün dünyanı cənginə alan koronavirus epidemiyasının müşahidə edildiyi ilk vaxtlardan Azərbaycanda genişmiqyaslı tədbirlər həyata keçirilib. Modul tipli xəstəxanalar qurulub, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi təmin edilib. 2021-ci ilin yanvarından vaksinlənmə prosesinə start verilib. Bu proses hazırda da davam edir.


Nəhayət ki, respublika əhalisinin və səhiyyə ictimaiyyətinin çoxdan arzuladığı İcbari tibbi sığorta ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi və böyük dəstəyi ilə reallığa çevrilib.


Bu günlərdə daha bir səhiyyə ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşlar. Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən "Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxsin tabeliyindədir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. İnanırıq ki, hər zaman dövlət qayğısını hiss edən səhiyyə işçiləri gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün səfərbər olunacaq, üzərlərinə düşən vəzifələri uğurla icra edəcəklər.


 

Elmira Rzayeva

Qaradağ Tibb Mərkəzinin direktoru