Menu
Xəbər Lenti
17 Ara 07:00Cəmiyyət

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) yaradılmasından 1 il ötür.

Nazirliyin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının 2021-ci il 17 dekabr tarixli qərarı ilə təsis edilən mərkəzin yaradılmasında məqsəd nazirlik və onun qurumları üzrə İKT, informasiya təhlükəsizliyi və layihələrin idarəedilməsi sahəsində işlərin operativ və sürətli şəkildə aparılması, rəqəmsallaşma proqramının genişləndirilməsi, rəqəmsal həllərin artırılması olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son 1 ildə bu sahədə mühüm addımlar atılıb, yeni elektron sistemlərin, e-xidmətlərin hazırlanaraq istifadəyə verilməsi təmin edilib. Hazırda nazirlik üzrə 175 xidmətdən 110-u elektron qaydada təqdim edilir, onlardan 46-ı isə proaktiv mexanizmlər əsasında həyata keçirilir.

Təkcə bu ilin 11 ayında həmin e-xidmətlərə 9,5 milyon müraciət qeydə alınıb, 219 min pensiya, müavinət, təqaüd, 17,5 min birdəfəlik ödəmə təyinatı, 195 min fərdi şəxsi hesab açılması e-sistem üzərindən, proaktiv qaydada həyata keçirilib, 30 e-arayış xidməti vasitəsilə 500 mindən çox e-arayış verilib.

Nazirliyin e-sistemləri 31 qurumun informasiya bazaları ilə inteqrasiya şəraitində fəaliyyət göstərir və həmin qurumlar tərəfindən 11 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 190 milyon, servislər üzərindən mübadilə sayı isə 13,9 milyon olub.

Mühüm sosial uğurlardan biri olan e-sosial.az portalı ölkənin sosial reyestri olmaqla vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. “Android” və “İOS” əməliyyat sistemlərində fəaliyyət göstərən e-sosial.az portalına bu il 10,6 milyon müraciət qeydə alınıb.

Həmçinin bu il nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidi tam təmin edən ilk dövlət qurumu olub. Bu ilin may ayında isə əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. ƏMAS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu günlərdə təşkil etdiyi “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasının qalibi olub.

DOST RİM elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işləri davam etdirir. Müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə istər sosial şəbəkələr, istərsə də rəsmi qaydada müraciətlərə rəqəmsal dəstək göstərilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır