Menu
Xəbər Lenti
02 Ara 09:07Manşet / Cəmiyyət

Epilepsiya xəstəliyi nədən yaranır?

Epilepsiya xəstəliyi nədən yaranır?

Epilepsiya xəstəliyinin formalarını (növlərini) onları törədən səbəblərə görə iki böyük qrupa bölmək olar: idiopatik epilepsiyalar və simptomatik epilepsiyalar. «İdiopatik» sözünün mənası səbəbi məlum olmayan deməkdir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti, nevroloq Kamran Salayev deyib.

Kamran Salayev ilə müsahibəni təqdim edir:

- Kamran müəllim, epilepsiya və xəstəliyin əlamətləri haqqında məlumat verərdiniz...

- Epilepsiya - təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir. Xəstəliyin ən xarakterik təzahürü motor, duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan qıcolmalardır. Epileptik tutmaların tezliyi ildə bir dəfədən gündə bir neçə dəfəyə qədər dəyişə bilər.
Epileptik tutmaların əlamətləri dəyişkəndir və pozuntuların beynin hansı nahiyəsində başlayıb, nə dərəcədə yayılmasına görə fərqlənir. Məsələn, oriyentasiya və ya şüurun itirilməsi, habelə hərəkət, hissiyyat (görmə, eşitmə və dad daxil olmaqla), əhval-ruhiyyə və ya digər idrak funksiyalarının pozulması kimi müvəqqəti simptomlar ola bilər.
Epileptik tutmalar müxtəlif amillər tərəfindən qıcıqlandırıla bilsə də, epilepsiya xəstəliyində epileptik tutmalar əksər hallarda ani olur.

- Epilepsiya xəstəliyi nədən yaranır?

- Epilepsiya xəstəliyinin formalarını (növlərini) onları törədən səbəblərə görə iki böyük qrupa bölmək olar: idiopatik epilepsiyalar və simptomatik epilepsiyalar. «İdiopatik» sözünün mənası səbəbi məlum olmayan deməkdir. Yəni, idiopatik epilepsiyası olan xəstədə epilepsiyanın səbəbi hansısa məlum olan digər xəstəlikdən (məsələn, kəllə travmasından, şişdən və ya beynin iltihabi xəstəliyindən) irəli gəlmir. Təbiidir ki, idiopatik epilepsiyalar səbəbsiz deyil, onların da səbəbləri mövcuddur. İdiopatik epilepsiyalarda genetik (irsi) faktorların əsas rol oynadığı məlumdur.
Epilepsiya ilə irsiyyət arasında olan əlaqələri anlamaq üçün bir neçə vacib məsələ nəzərə alınmalıdır. İlk növbədə, irsiyyətlə bağlı proseslərin həddindən artıq mürəkkəb olduğunu yadda saxlamaq lazımdır. İdiopatik epilepsiyaların əksəriyyətinin irsən keçmə mexanizmləri bəzi başqa əlamətlərin (məsələn, qan qrupu, göz rəngi və s.) irsən keçməsi kimi sadə deyil. Yəni, xəstənin valideynlərdə epilepsiyanın olmaması epilepsiyanın səbəblərin irsiyyətində olduğunu inkar edə bilməz. Əksinə, idiopatik epilepsiyadan əziyyət çəkənlərin böyük qisminin ailələrində başqa epilepsiya xəstələri aşkar olunmur. Bundan başqa, idiopatik epilepsiyanın başlanmasında irsi amillər mühüm rol oynasa da, ətraf mühitin təsirləri də vacibdir. İdiopatik epilepsiyaların əksəriyyətində irsən keçən məhz epilepsiya xəstəliyi deyil, epilepsiya xəstəliyinin başlanmasına müəyyən meyillilikdir. Həmin bu irsi meyilliliyin üstünə ətraf mühitdən “zərbə” (travma, hipoksiya və s.) gəlirsə, epilepsiya xəstəliyi başlayır.
Simptomatik epilepsiya məlum olan digər beyin xəstəlikdən irəli gəlir. Beyni zədələyən bir çox xəstəlik simptomatik epilepsiyaya təkan verə bilər. Ümumiyyətlə, beyin zədələnməsi çox geniş anlayış olub, körpədə doğuş zamanı hipoksiyadan yaşlı insanda beynə qansızmaya qədər, uşaqda ensefalitdən gəncdə ağır kəllə travmasına qədər müxtəlif xəstəlikləri ehtiva edir. Bütün çəkilən və onlarla çəkilməyən xəstəliklər beyin toxumasını zədələyərək epilepsiyaya səbəb ola bilər və bu şəkildə yaranan epilepsiya simptomatik epilepsiyalar qrupuna aid olacaq.
Xəstələrin bir qismində səbəbi dəqiqliklə müəyyən etmək mümkündür, digərlərdə isə epilepsiyanın genetik (irsi) təməlinin olduğunu təxmin etmək olar. Lakin qəbul etmək lazımdır ki, bəzən xəstədə bir tərəfdən simptomatik epilepsiyanın olduğunu sübut etmək üçün bəlli səbəb tapmaq qeyri-mümkün olub, o biri tərəfdən isə epileptik tutmaların təsviri isə idiopatik epilepsiyaya uyğun gəlmir. Epilepsiyanın mümkün olan səbəblərini araşdıraraq, bütün ehtimallara tənqidlə yanaşılmalıdır.

- Epilepsiyanın diaqnozu necə qoyulur?
- Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkimə epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə imkan verir.
Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə üsulu elektroensefaloqrafiyadır. EEQ müayinəsi epileptik aktivliyi aşkar etmək, onun formasını, tezliyini və lokalizasiyasını müəyyən etmək üçün aparılır. Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar edir.
Başqa müayinələrdən maqnit-rezonans tomoqrafiyasını (MRT) qeyd etmək lazımdır. MRT müayinəsi beynin “şəklini” göstərir. MRT şəklində beynin formasındakı dəyişikliklərin aşkarlanması epilepsiya diaqnozunun qoyulmasını asanlaşdıra bilər. Məsələn, MRT-də aşkarlanan hippokampın (dəniz atı qırışının) sklerozu gicgah epilepsiyasının təsdiqi kimi qəbul oluna bilər.
Epilepsiyanın bəzi növləri tamamilə fəsadsız ötüb keçir. Digər epilepsiya növləri isə müalicəyə baxmayaraq ciddi fəsadlarla nəticələnir. Ümumiyyətlə, şiddətli fəsad törədən epilepsiyalar azlıq təşkil edir və epilepsiya xəstələrinin əksəriyyəti adi həyat sürür, normal ailə sahibi olur, normal zehin səviyyəsinə malikdir və davranışda ciddi problemlər yaşamır.

- Epileptik tutma zamanı ilk hansı yardım göstərilməlidir?

- Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu çıxartmaq lazımdır.
Həmçinin xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər. Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə - fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s. Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları “xəstənin dili qatlanıb, ağzı kilidlənib və o boğula bilər” deyə düşünürlər və barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə, ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili “qatlanmaz”. Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın. Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə əmrləri (“Sağ əlini qaldır!”) və sualları (“Adın nədir?”, “Neçə yaşın var?”) verilməlidir.

- Epilepsiyadan əziyyət çəkənlər nəyə diqqət etməlidilər?

- Tutmalar təkan verən əsas amillərə diqqət etməklə tutmaların sayını azaltmaq mümkündür. İlk növbədə dərmanların buraxılmasına yol vermək olmaz. Epilepsiya xəstələrinin bir çoxu yuxunun pozulmasına həssas olur və yuxusuzluq tutmalara gətirib çıxarır. Beləliklə, xəstələr yuxu rejiminə riayət etməlidilər.