Menu
Xəbər Lenti
30 Kas 07:52Manşet / Siyasət

Şahmar Mövsümov: “Süni intellektlə bağlı müəyyən çağırışlar var”

 

“Azərbaycan ölkə olaraq, dərin və zəngin tarixə malikdir. Tərəqqi üçün biz yeni bir yol yaratmağa çalışırıq”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində deyib.

O bildirib ki, hələ 1847-ci ildə ölkədə ilk sənaye üsulu ilə neft quyusu qazılıb:

“Biz tarixi qorumaqla innovasiyaların mənimsənilməsini həyata keçirmişik. Hökumətin bu istiqamətdə rolu vacibdir. İnnovasiya sahəsində texnologiya parklarının yaradılmasında təşəbbüslərimiz var. Bizim tərəfdaşlığımız daimi iqtisadi artıma yönəlib. Görülən tədbirlər iqtisadi əlifbamıza yeniliklər gətirib. Son illər texnologiya parklarının salınması, eləcə də yerli güzəştlərin verilməsi təmin edilib ki, bu da investorların cəlb edilməsinə təkan verib. Eləcə də, startapların sayı üç dəfəyə qədər artıb.

Transformativ layihələr sayəsində işğaldan azad edilən ərazilərdə “ağıllı” kəndlər yaradılıb. Bundan başqa, milli prioritetlərimizdən biri dayanıqlı enerji mənbələrinin qurulmasıdır”.

Ş.Mövsümov onu da əlavə edib ki, rəqəmsal akademiya yaradılıb ki, gənclər özlərinin İKT sahəsində bacarıqlarını genişləndirsinlər:

“Hər bir xalqın rifahı üçün təhsilin önəmli olduğunu nəzərə alaraq, hökumət olaraq tələbələrimizin aparıcı təhsil ocaqlarında təhsil almasına şərait yaratmışıq. Süni intellekt bir çox sahələrdə mürəkkəb çağırışların öhdəsindən gəlinməsinə kömək edir. Süni intellektlə bağlı müəyyən çağırışlar var, bu da əmək bazarına təsir edir. Əlbəttə ki, bu istiqamətdə əməkdaşlıq vacibdir. Hökumətlə sənaye, elmi dairələri və startaplar arasında birgə danışıqlar, tərəfdaşlıqlar önəmlidir”.