Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

15 Ock 15:38Siyasət

Levan Mamaladze: Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri olub

Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında danışmaq mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, müxtəlif vəzifələrdə çalışdığım dövrlərdə belə bir tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Kvemo-Kartli bölgəsinin sabiq qubernatoru, politoloq Levan Mamaledze söyləyib.

Onun sözlərinə görə, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarıdır. Məhz Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Naxçıvandan Bakıya qayıtması Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoydu: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə bir görkəmli lideri olub və o, öz xalqını mövcud siyasi gərginlikdən, parçalanmaqdan xilas edib.

Heydər Əliyev yenidən Azərbaycana qayıdışı ilə güclü dövlət qurdu və ölkədə demokratik prinsipləri bərqərar etdi. O, Xəzər dənizi ilə Qara dəniz arasındakı dəhlizi öz məqsədyönlü fəaliyyəti ilə yeni siyasi arenaya gətirdi. Azərbaycanın neft və qaz ehtiyatlarının bütün dünyaya tanınmasında Heydər Əliyev müstəsna rol oynadı”.

Hələ gənc yaşlarında Azərbaycanla sıx əlaqədə olan L.Mamaladze 1992-ci ildə 23 yaşında ikən Gürcüstan Parlamentinin deputatı seçilib və Gürcüstan-Azərbaycan parlamentlərarası komissiyasının rəhbəri olub. O günləri yada salan L.Mamaladze deyib: “Kvemo-Kartlinin qubernatoru müəyyən olunduqdan sonra bizim əsas məqsədimiz Gürcüstandan Azərbaycana miqrasiya edən həmyerlilərimizin qarşısını almaq oldu. Çalışırdım ki, hər bir azərbaycanlı ailəsinə baş çəkim. Onlara anlatmağa çalışırdım ki, Gürcüstan həm də hər bir azərbaycanlının vətənidir. Bizim bu daxili siyasətimizi Azərbaycan dövləti yüksək qiymətləndirdi və aramızdakı qarşılıqlı inam da gücləndi. Heydər Əliyevin rəhbərliyi ilə iki ölkə arasında özünəməxsus, unikal bir münasibət formalaşdı”.

Onun sözlərinə görə, həmin dövrdə bəzi problemlər də var idi. Belə ki, o dövrdə Gürcüstan vətəndaşları, daha doğrusu, Sadaxlı kəndinin sakinləri Ermənistanla ticarət etdiyi zaman ermənilər tərəfindən həbs olunaraq terrorçu adlandırılırdılar. Gürcüstan hökuməti azərbaycanlı vətəndaşlarını həbsdən azad etmək istiqamətində ciddi fəaliyyət göstərdi və onları azad etdi.

“Heydər Əliyevlə görüşəndə o, həmişə “cavan oğlan, necəsən, işlərin necədir?” deyərdi. Yadımdadır, Bakıda tədbirlər çərçivəsində ağacəkmə mərasimi keçirilən zaman məni yanına çağıraraq ting verdi və “mənim ağacımın yanında sən də öz ağacını ək”,- dedi. İnanıram ki, bizim yan-yana əkdiyimiz tinglər artıq böyük gövdəli, qollu-budaqlı ağaclara çevrilib”, - deyə L.Mamaladze həmin günləri yada salır.

1998-ci ildə Heydər Əliyevin Gürcüstana səfərini xatırladan L.Mamaladze deyib: “Həmin səfər zamanı yolasalma mərasimində mən də iştirak edirdim. Heydər Əliyev məni görüb Eduard Şevarnadzeyə “bu cavan oğlan Azərbaycan üçün çox böyük işlər görüb”,- dedi. Həmin vaxt mənim başqa işə keçməyim nəzərdə tutulurdu. Təbii ki, Heydər Əliyevin bu sözlərindən sonra mən öz vəzifəmdə qaldım”.

Mamaladze deyib ki, sovetlər dövründə Rustavi metallurgiya zavodu Daşkəsən yataqlarından gətirilən mədən filizləri hesabına dəmir istehsal edirdi. Müstəqilliyimizin ilk illərində bu əlaqələr kəsilmişdi. E.Şevarnadze tapşırıq verdi ki, köhnə əlaqələr bərpa olunsun və həmin mədənin xammalı hesabına istehsal olunan dəmir borular neft kəmərlərinin istismarında istifadə edilsin.

“Mən bu məsələnin həlli ilə bağlı böyük bir nümayəndə heyəti ilə Bakıya səfər etdim. Heydər Əliyev bizi öz otağında qəbul etdi. Belə qərara gəldik ki, istehsalı Rustavidə olan həmin borular neft və qazın nəqlində istifadə edilməlidir. Görüş bitdikdən sonra hamı otaqdan çıxdı, o, məni qəfil saxladı və əlimdən tutaraq dedi: “Mən gördüyünüz işlərə görə Azərbaycan xalqı adından sizə təşəkkür edirəm dedi”, – deyə Mamaladze vurğulayıb.

Ümummilli Liderin sözlərini daim yadda saxladığını vurğulayan Mamaladze qeyd edib: “Heydər Əliyev həqiqətən də görkəmli siyasi xadim idi”.

Sabiq qubernator onu da bildirib ki, Ulu Öndər səfərimiz zamanı heç vaxt nümayəndə heyətindən kimisə diqqətindən kənarda qoymayıb.

L.Mamaladze sonda deyib: “Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı dövlətin daha da qüdrətləndirilməsində böyük siyasi rol oynayan rəhbərdir. Azərbaycan xalqı Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Şəxsi münasibətdə çox mülayim və sadə olan bu görkəmli şəxsiyyət, həmçinin Gürcüstanla dostluğa çox önəm verən, sözün əsl mənasında, gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi”.