Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK
Dün, 18:15

TƏBRİK EDİRİK

29 iyl 09:56Gündəm / Siyasət

“Azərbaycana qarşı növbəti təxribat özünə xəsarətlər ola bilər”

İnformasiyanın dominantlıq etdiyi dönəmdə müsbət və ya mənfi reklamın gündəmdə olmaq baxımından elə bir fərqi yoxdur. Hər ikisi reklamdır! Xüsusilə də bütün həyat və fəaliyyətlərini dövlətimizə və dövlətçiliyimizə qarşı mübarizəyə həsr edənlər üçün. Son günlər xaricdə anti-Azərbaycan fəaliyyəti aparan şəxslərin videolarının kütləvi şəkildə nümayiş etdirilməsi, hər bir halda onların reklamına xidmət edir. Ölkədə olan telekanalların, həmin şəxslərin əsl mahiyyət və niyyətlərini cəmiyyətimizə çatdırmaq üçün, kifayət qədər yaydıqları videoların, sosial mediada da, təkrarən tirajlanmasına heç bir zərurət yoxdur. İstənilən sosial media platformasında, status bölümündən başqa, rəy bildirilməsi üçün şərh bölümündən istifadə imkanları da var. Bununla yanaşı həm də, artıq hamı kimin kim olduğunu, hansı məqsəd və niyyətlərə xidmət etdiyini bilməmiş deyildir.
Eyni zamanda bu prosesdə informasiya manipulyasiyasına yolvermə halları da ola bilər. Həmin şəxslərin fəaliyyətini pisləmək adı altında videolarını açıq şəkildə paylaşmaqla, əslində onların və platformalarının reklamını aparmaq versiyası da mümkündür. Nəzərə alsaq ki, həmin şəxslərin əsas niyyətlərindən biri də videolarının baxış saylarını artırmaq və bununla da nəyin bahasına olursa olsun, gəlir əldə etməkdirsə, prosesin kimin xeyrinə cərəyan etdiyi aydın olur.
Fəaliyyəti və missiyası ilə işğalçı və terrorçu düşmənlərimizlə bir cəbhədə duraraq hər addımlarında dövlətinə və xalqına xəyanət edənlərin özlərinə azərbaycanlı demələri onlara olan real münasibəti dəyişə bilməz. Kim nə deyir desin, Azərbaycanın əsas gəlir mənbəyinin neft olduğunu iddia edərək neftin ucuzlaşmasına sevinənlərdən, insanlarımızın depozit pullarının olduğu bankların bağlanmasına əl çalanlardan, virusla mübarizədə ən uğursuz modelin ölkəmizə aid olduğunu və tezliklə pandemiyanın çoxlu sayda insanımızı qurbanına çevirəcəyindən bəh-bəhlə danışanlardan və soydaşlarımıza qarşı törədilən vəhşiliklərin fonunda ermənini deyil, özümüzü təxribatçı adlandıranlardan azərbaycanlı olmaz. Bu fikirdə, başqa millət mənsublarının da olacağına inanmıram. Çünki əgər maraqlarına toxunmursa, kimin nəyinə lazımdır ki, bizə belə nifrət bəsləsin?! Olsa olsa, beləsi erməni və ya erməni xislətli ola bilər.
Dövlətimizə, xalqımıza və hətta dövlətçiliyimizə qarşı təşkil edilən təxribatların və təhlükələrin mənbələri, hücum istiqamətləri və platformaları hər gün dəyişərək artmaqdadır. Təbii ki, düşmənlərimizin çox olması yox, aralarında özümüzdən olanların mövcudluğu hallarıdır bizi daha çox ağrıdan və təəssüfləndirən. Məlum olduğu kimi, ayrı-ayrı ölkələrdə, dinc soydaşlarımıza qarşı erməni təxribatlarının və vəhşiliklərinin geniş vüsət aldığı bir məqamda, dövlət rəhbərliyi səviyyəsində Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva, kimliyindən asılı olmayaraq bütün həmvətənlərimizə müraciət ünvanladı. Düşmənlərimizin bu əməllərini, Xocalıda baş verənlərlə eyniləşdirən müəllif müraciətində qeyd edir:
“Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir.
Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.
Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.
I vitse-prezidentin dəqiq hədəflərə ünvanlanmış bu çağırışına, erməniləri yox, bizim özümüzü təxribatçı hesab edənlərimiz, “özümüzü kimdən və nədən qoruyaq, onu da deyərdiniz” cavabını verməklə, bir daha soydaşlarımıza qarşı bu vəhşilikləri və onu törədənləri görməzdən gəldilər. Əslində üz-üzə olduğumuz çox böyük oyun və təhlükəli təxribatla bağlı bir məqam da odur ki, xarici ölkələrdə yaşayan ermənilərin özlərinə və əmlaklarına düşünülmüş şəkildə zərər vurmaqla hədəf olaraq soydaşlarımızı göstərəcəkləri kimi, bəzi özümüzdən olan təxribatçıların da, növbəti mərhələlərdə diqqətləri öz üzərlərinə almaq və bu prosesdə öz rollarını peşəkar şəkildə ifa etmək üçün, özünəxəsarət təxribatından istifadə etmələri mümkündür. Bu yolla da ermənilərin soydaşlarımıza qarşı hazırladıqları vəhşilikləri, Azərbaycan dövlətinin adına yazmaq görüntüsünün formalaşdırılması cəhdləri də istisna olunmur. Ancaq onu mütləq nəzərə almaq lazımdır ki, belə olacağı halda, hədəfləri demək olar ki, düşmənlərimizinkindən fərqlənməyən həmin şəxslərin, ermənilər tərəfindən hədəfə alınacaqlarına kimsə inanmayacaq. Tanrı dövlətimizi və xalqımızı bütün növ təxribatlardan və təxribatçılardan qorusun!
Politoloq Xəyal Bəşirov