Menu
Xəbər Lenti
23 Ock 06:52Hadisə

Ötən il respublika ərazisində 16 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, 2022-ci il ərzində respublika ərazisində 16 min 714 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2021-ci illə müqayisədə 1467 hadisə və ya 10 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 104 nəfər xilas edilib, 1399 nəfər təxliyə olunub.

2022-ci il ərzində respublika ərazisində 132 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 5 nəfər xilas edilib, 139 nəfər təxliyə olunub.

Ötən il respublika ərazisində 16 min 582 texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2021-ci illə müqayisədə 1522 hadisə və ya 10 faiz çoxdur. Texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb. Bu da 2021-ci il ilə müqayisədə həlak olanlar üzrə 16 nəfər və ya 31 faiz, xəsarət alanlar üzrə 91 nəfər və ya 44 faiz çoxdur.

2022-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2095 olub.

Yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 219 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34 faiz, xəsarət alanlar üzrə 74 nəfər və ya 70 faiz çoxdur.

Ötən il ərzində respublika ərazisində 75 partlayış hadisəsi baş verib. Bu da 2021-ci illə müqayisədə 2 hadisə və ya 3 faiz azdır. Partlayışlar zamanı 15 nəfər həlak olub, 77 nəfər xəsarət alıb və 6 nəfər xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır