Menu
Xəbər Lenti
20 Ock 04:10Dünya

Fransada növbəti etiraz nümayişi yanvarın 31-nə planlaşdırılıb

Pensiya islahatlarına qarşı səfərbərliyin növbəti günü yanvarın 31-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Fransa Həmkarlar İttifaqı Konfederasiyası (CGT) pensiya islahatlarının növbəti günü kimi yanvarın 26-nı təklif etsə də, yekunda Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) təklifi qəbul olunub. Fransanın 8 həmkarlar ittifaqı birlikdə yeni tətil bildirişləri göndərilməsi, eləcə də kifayət qədər uğurlu olan ilk gündən sonra yenidən səfərbər etmək üçün yanvarın 31-ni növbəti nümayiş günü elan ediblər.

Bir sıra təşkilatlar yanvarın 23-də Nazirlər Şurasında pensiya islahatı layihəsinin təqdimatı zamanı şəhər və əyalətlərdə prefekturaların qarşısında, deputatların olduğu yerlərdə mitinqlərə, hətta məşəl yürüşlərinə çağırıblar.

Xatırladaq ki, pensiya islahatı əleyhinə etiraz nümayişlərinin ilk günü uğurlu hesab olunub. Fransanın CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, FSU və Solidaires kimi 8 həmkarlar ittifaqının çağırışı ilə ilk nümayişdə 2 milyon insan iştirak edib.