Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

15 Şub 09:19Manşet / Hadisə

Müharibə veteranı olduqlarını belə öyrənəcəklər

Müharibə veteranı olduqlarını belə öyrənəcəklər

Məlum olduğu kimi, I Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb. Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin, müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizminin təkmilləşdirilməsidir.

Bəs sözügedən şəxslərlə bağlı məlumatlar sistemə necə daxil edilir? Bunun üçün sözügedən meyarlara cavab verən şəxslər hansı orqanlara müraciət etməlidirlər? “Zəfər” altsisteminə hər bir vətəndaşın girişi olacaqmı?

Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sistemə məlumatlar aidiyyəti qurumlar tərəfindən yerləşdirilir. Bunun üçün vətəndaşların hansısa quruma müraciətinə ehtiyac yoxdur.
Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı təmin edilib:

“Hazırda fəaliyyət göstərən “Zəfər” altsistemi qeyd edilən kateqoriyalara aid vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində aidiyyəti qurumlar tərəfindən daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsinə imkan verir. Məsələn, müvafiq qurumlar “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları “Zəfər” altsisteminə daxil edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə altsistemə daxil edilmiş bu məlumatlara istinadən həmin şəxslərə heç bir müraciətlərinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, operativ şəkildə, elektron sistem üzərindən proaktiv qaydada Prezidentin aylıq təqaüdünü təyin edir”.

Göründüyü kimi, sistem vətəndaşlar üçün açıq deyil, bura yalnız sözügedən dövlət qurumları giriş əldə edə bilirlər. Nazirlikdən həmçinin qeyd edildi ki, şəhid ailəsinin üzvü statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları özləri barədə məlumatları əldə etmək üçün isə e-sosial.az portalından faydalana bilərlər. 2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı qeydiyyatdan keçdikdən sonra vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış imkanı yaradır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.