Menu
Xəbər Lenti
13 sen 10:05Gündəm / İqtisadiyyat

İnam Kərimov videokonfrans keçirdi

Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələri ilə onlayn videokonfrans keçirilib. Xezertv.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri, fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması məsədilə tədbirlər müəyyən edilib. Kənd Təsərrüfat Nazirliyi də buna uyğun olaraq aqrar sahənin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirir. Aqrar sektörün fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, vətəndaşları keyfiyyətli və əlçatan ərzaq məhsulları təminatı həyata keçirilir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri aqrar məhsulların ixrac potensialının artırılmasıdır, dövlət bir çox sahələr kimi üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir.
Görüşdə üzümçülük sahəsində ting təminatının vacib məsələlərdən biri olduğu vurğulanıb. İştirakçılara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində istehsal gücü ildə 500 min ədəd fillokseraya davamlı calaq emalatxanasının inşa olunduğu barədə məlumat verilib. Tinglik kompleksinin calaqaltı və calaqüstü əkin materialı ilə təmin edilməsi məqsədilə 20 ha ərazidə calaqüstü anaclıq bağı və 10 ha sahədə fillokseraya davamlı calaqaltı anaclıq bağı salınıb. Bu müəssisənin inşası üzümçülükdə xəstəliklərə davamlı və məhsuldar tinglərə olan tələbatın ödənilməsində əsas rol oynayacaq.
Görüş iştirakçıları pandemiya şəraitində məhsul istehsalı və aqrar emalın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. 
Görüşün yekununda şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini hazırlayaraq nazirliyə təqdim etmək tövsiyə olunub.