Menu
Xəbər Lenti
11 iyl 10:52Gündəm / İqtisadiyyat

Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları “COVİD-19” pandemiyası səbəbindən baş tutmadığına görə tədbirin gündəliyində duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda videokonfrans keçirilib.
Xezertv.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib.
Tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.
Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə 2 namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə 1 namizəd – Azərbaycan olub. Seçkilərin nəticələrinə görə ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov sədr müavini seçilib.
Qeyd edək ki, Şuraya dünyanın 5 coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.