Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

19 Ekm 06:48Manşet / Cəmiyyət

Zəngilanın işğaldan azad olunmasından iki il ötür

 Zəngilanın işğaldan azad olunmasından iki  il ötür


44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur.
Müasir tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsi haqqında hələ bundan sonra nə qədər qürürla danışılacaq , yazılacaq və gələcək nəsillərə fəxrlə ötürüləcəkdir.
20 Oktyabrın 2020 ci ildə bütün Azərbaycanı xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.
1993-cü il oktyabrın 29-da Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.
1988-ci ildən -1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq.
Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır.
Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynacaq.
Son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq.
Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır.

1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsini əldə edən filologiya elmləri namizədi A. Həsənovun tədqiqatlar və araşdırmaları nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır. Rayonun “Şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb. Sonra isə hökmdarın adı ona verilən təşbehlər-epitellər həkk olunmuşdur. Bu dövrdə ellin padşahlarını ilahiləşdirmək üçün onların adlarına təşbehlər artırırdılar.
Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.
1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.
Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.
Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir.
Bu gün Zəngilanın işğaldan azad olunmasından iki il ötür.
Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb". Bu sözləri aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan məscidində olarkən bildirib: "Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil".Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Ərazidə, ilk olaraq, 200 fərdi ev istifadəyə veriləcək. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur və turizm infrastrukturu formalaşdırılacaq. "Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemləri həyata keçiriləcək. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020 ci il oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyulub. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoyub. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. "Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq" – deyən Cənab Prezident bu hava limanının bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacağını bildirib: "Təsadüfi deyil ki, hava limanı, məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə buranı müasir şəhərə çevirəcək. "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq", - deyə Cənab Prezident müsahibələrinin birində bildirmişdir.
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra cari ilin 15 sentyabrın ilk dəfə dərslər keçirildi.
360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.
Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.