Menu
Xəbər Lenti
21 Ock 13:48Manşet / Gündəm

Şərqdə ilk opera yazan bəstəkar qadın

 

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib.

O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqilərinin müəllifidir.

Bəstəkar mahnı yazmaqla kifayətlənməyib, mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.

1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Şəfiqə Axundova 2013-cü ildə, iyulun 26-da vəfat edib.