Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
Bugün, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

25 Şub 21:58Cəmiyyət

“TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədris ilinin ikinci yarımilliyinin başlanılması ilə əlaqədar keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.

A.Kərimov gənclərlə, həmçinin tələbə və məzunlarla bağlı aktiv məşğulluq proqramlarını, gənclərin əmək bazarına hazırlanması istiqamətində görülən işləri diqqətə çatdırıb. Uğurlu karyeraya aparan yolun düzgün planlama, məqsədli və qərarlı fəaliyyətdən keçdiyini bildirən nazir müavini gənclərlə öz təcrübəsini bölüşüb.

Digər spikerlər “Rəqəmsal əsrdə gənclərin karyera imkanları”, “Peşəkar səriştələrin inkişafının 5 mərhələsi” və “Tələbələrin karyera qurmalarında universitetlərin rolu” kimi mövzularda çıxış ediblər.

Gənclərə əmək bazarının tələbləri, müasir çağırışlarla bağlı məlumat verilib, tövsiyələr edilib. Konfrans sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, “TİPx 8: Uğurlu gələcək üçün” konfransında müxtəlif universitetlərdən 250-ə yaxın tələbə iştirak edib.

Ümumilikdə indiyədək platforma çərçivəsində keçirilən görüşlərə 1500-dən çox tələbə qatılıb. Həmin görüşlərin məqsədi tələbələri təhsil imkanları barədə məlumatlandırmaq, onlara özünüinkişaf və karyera planlaması istiqamətində dəstək olmaqdır.