Menu
Xəbər Lenti
02 Mrt 15:57Manşet / Cəmiyyət

“YAP - VII qurultaydan sonrakı fəaliyyət”- Regionun ən güclü siyasi partiyası

“YAP - VII qurultaydan sonrakı fəaliyyət”- Regionun ən güclü siyasi partiyası

Azərbaycanda siyasi partiyaların yaranması 1988-ci ildən başlanan xalq hərəkatının bir təzahürü kimi özünü büruzə verməyə başladı. 1990-cı ildə artıq respublikada bir sıra siyasi təşkilatlar fəaliyyət göstərirdi. Lakin bu partiyaların fəaliyyəti əksər hallarda effektivsizliyi, bəzən isə ümumiyyətlə ümummilli maraqlarla ziddiyəti ilə diqqəti cəlb edirdi. O cümlədən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn qüvvələrin yarıtmaz fəaliyyəti respublikada siyasi vəziyyətin daha da gərginləşməsinə yol açdı. 1991-1992-ci illərdə hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depresiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsinin əsas cizgiləridir. Məhz belə bir dövrdə xalqın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-nın tarixi VII qurultayında etdiyi çıxışında qeyd olunduğu kimi, milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Bu gün isə ümummilli maraqların reallaşması yolunda YAP-nın böyük naliyyətlər qazanması nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Əlbəttə ki, ölkədə siyasi böhranın hər gün, hər saat daha da dərinləşdiyi bir dövrdə cəmiyyətin ən qabaqcıl ziyalılarının yeni partiya yaratmaq təklifi ilə məhz Heydər Əliyevə müraciət etmələri heç də təsadüfi deyildi. Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə prezident vəzifəsinə seçildi və bundan sonra ölkənin böhrandan çıxma prosesi başladı.
Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə 2021-ci ilin martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkə ictimaiyyəti üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. VII qurultayda etdiyi çıxışında ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev xüsusi olaraq vurğulamışdı ki, ölkədə siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sistemin təkmilləşməsi üçün dialoq önəmli amildir. Bu baxımdan YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna dəyərli töhfələr verməkdədir.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-nın yeni nizamnaməsi təsdiq olunmuş, İdarə Heyyəti, Təftiş Komisiyyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, Sədri və Sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, həmçinin digər müavini və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir. Eyni zamanda partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya Sədrinin Sərəncamları da imzalanmışdır. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.