Menu
Xəbər Lenti
28 Ara 06:26Cəmiyyət

Hazırda 300-ə yaxın uşaq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarıdır

İndiyədək həssas təbəqədən olan 500-ə yaxın vətəndaş DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edib. Hazırda 292 uşaq mərkəzin benefisiarıdır.

AZƏRTAC xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Mərkəzdə həssas qrupdan olan 6 yaşdan 44 yaşadək vətəndaşlara xidmət göstərilir. Mərkəzə müraciət edənlərə 14 istiqamət üzrə təlimlər keçirilir. Bir nəfər bir neçə istiqamətdə təlimlərdə iştirak edə bilər. Təlimlər 8-12-24 ay davam edir və həm qədim xalq sənəti, həm də modern ixtisaslar üzrə keçirilir. Təlimləri uğurla başa vuranlara sertifikat verilir. Çalışırıq ki, həmin şəxsləri aktivlərlə təmin edək və özünüməşğulluğa cəlb edək. Məqsədimiz xüsusi istedadı ilə seçilənlərin cəmiyyətə inteqrasiyasına və işlə təminatına kömək etməkdir.

Mərkəzdə təkcə bacarıq və yaradıcılıq potensialı inkişaf etdirilmir, həm də onlara sosial-psixoloji dəstək xidmətləri də göstərilir", - deyə P.İsmayılova deyib.