Menu
Xəbər Lenti
19 Ara 17:44Mədəniyyət

Heydər Əliyev Sarayında “Fikrət Əmirov” filminin təqdimatı olub

Dekabrın 19-da Heydər Əliyev Sarayında “Fikrət Əmirov” bədii-sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsəri dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir.

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu il ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla dahi bəstəkarın 100 illiyi silsilə tədbirlərlə qeyd edilib: "Bəstəkarın əsərləri dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səsləndirilərək, müəllifinə geniş coğrafiyada şöhrət qazandırıb. Onun 100 illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. F.Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb. Buna görə də ölməzlik qazanıb. Fikrət Əmirov öz əsərlərini sevə-sevə qələmə alıb. Bəstəkarın simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. “F.Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir".

Sonra Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan filmin təqdimatının türk dünyası musiqisi üçün gözəl bir hadisə olduğunu qeyd edib. Bildirib ki, dahi bəstəkar Fikrət Əmirovla bağlı mötəbər tədbirlər Türkiyədə də böyük sevgi ilə keçirilir: "Bu axşam burada musiqi dünyasının önəmli bir şəxsiyyəti olan Fikrət Əmirovun həyatından bəhs edilən sənədli filmin təqdimatına yığışmışıq. Gözəl bir vaxt keçirəcəyimizdən əminəm. Buna görə nazir Anar Kərimovu və film yaradıcılarını ürəkdən təbrik edirəm".

Dahi bəstəkarın oğlu, caz ifaçısı, bəstəkar, Xalq artisti Cəmil Əmirov və "Fikrət Əmirov" filminin ssenari müəllifi və quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayev dahi bəstəkar Fikrət Əmirov barədə xoş təəssüratlarını bölüşərək onun həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, Fikrət Əmirovun əsərləri musiqi tariximizin parlaq səhifələridir: "Bəstəkarın bu əsərləri öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır".

Sonda "Fikrət Əmirov" bədii sənədli filmi nümayiş olunub.