Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

18 Ara 14:57Mədəniyyət

Dirijor Əyyub Quliyev Milad Opera Forumunda iştirak edib

XII Beynəlxalq Milad Opera Forumu çərçivəsində Belarus Böyük Teatrında Cakomo Puççininin “Turandot” operasının uğurlu ifası gerçəkləşib. Operanın ifası dünyanın üç böyük teatrı - Moskvanın “Helikon Opera” musiqili teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Belarus Böyük Teatrının artistlərinin iştirakı ilə yadda qalıb. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.

Bu barədə AZƏRTAC-a məlumat verən Əyyub Quliyev bildirib ki, operanın baş rollarını Moskvanın “Helikon” Opera Teatrının solisti İvan Qınqazov (tenor) və beynəlxalq müsabiqələr laureatı, Belarus Böyük Teatrının aparıcı solistlərindən biri olan dramatik soprano Anastasiya Maleviç (Turandot) təqdim ediblər. Digər rollarda yer alan solistlərin də ifası gecəyə xüsusi rəng qatıb – Belarusun Xalq artistləri Anastasiya Moskvina (Liu), Vladimir Qromov (Pinq), Vasiliy Kovalçuk (Timur), beynəlxalq müsabiqələr laureatları Yanoş Nelepa (Panq), Yuriy Bolotko (Ponq) və Yuriy Mendelevin (İmperator Altoum) iştirakı tamaşanın böyük uğuruna təkan olub.

Belarus Böyük Teatrının ən sevilən və populyar tamaşalarından biri olan “Turandot” bu dəfə də böyük marağa səbəb olub – bütün biletləri satılmış tamaşanı Belarusun tanınmış ictimai və mədəniyyət xadimləri, Böyük Teatrın baş direktoru, professor Yekaterina Dulova, teatrın bədii rəhbəri – SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, dünyaşöhrətli xoreoqraf Valentin Yelizaryev, Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış musiqi tənqidçiləri izləyiblər.

Ən mürəkkəb səhnə əsərlərindən biri olan “Turandot” operasında möhtəşəm orkestr və xorla bərabər səhnəarxası nəfəs alətləri orkestri, uşaq xoru, ekzotik zərb alətləri və rəqs qrupu da yer alıb. Qısa zamanda baş tutan məşqlərə baxmayaraq operanın iştirakçıları sonda ayaqüstə alqışlarla qarşılanıb. Daha sonra azərbaycanlı dirijor və tamaşanın ifaçıları Milad Opera Forumunun xüsusi diplomları ilə təltif olunub.

Qeyd edək ki, dirijor Əyyub Quliyevlə yanaşı, Azərbaycanı Belarus Beynəlxalq Milad Forumunda istedadlı opera müğənnisi, Mariinski teatrının dəvətli solisti Məhərrəm Hüseynov da təmsil edir. Azərbaycanlı bas bariton forum çərçivəsində Q.Donisettinin “Sevgi şərbəti” və bağlanış günündə “Opera Qala” gecəsində yer alacaq. Təntənəli bağlanış mərasimində Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, tanınmış tenor Ramiz Usmanov, Metropoliten (ABŞ) teatrının solisti Kristian Benedikt və digər opera teatrlarından dəvət olunmuş müğənnilər də çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin