Menu
Xəbər Lenti
23 Ekm 16:55Manşet / Hadisə

Sabirabadda bazardakı yanğın söndürülüb

Sabirabadda bazardakı yanğın söndürülüb

Xəbər verildiyi kimi, Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən bazar günü bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 m² sahədə yanıb.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

XXX

08:48

Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.

Yanğınla mübarizə tədbirlərində Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.

XXX

00:02

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin səyi nəticəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

22:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.