Menu
Xəbər Lenti
22 Ekm 06:30Manşet / Siyasət

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycana təzyiq göstərmək istəyənlərə yerini göstərdi

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycana təzyiq göstərmək istəyənlərə yerini göstərdi

Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl rayonunda mətbuata verdiyi bəyanatda həm Qarabağın gələcək inkişafı, həm də regional məsələlərlə bağlı bir çox diqqətçəkən məqamlara toxunub.

Prezident İlham Əliyev Qarabağın şəhərlərinin Birinci Qarabağ Müharibəsindən sonra dağıdılmasına, Rəcəb Tayyib Ərdoğan isə beynəlxalq təşkilatların bu vəhşiliyə susmasına diqqət çəkib.

Prezident İlham Əliyevdən sitat: "Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Cəbrayıl şəhərindən bax bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın..."

Rəcəb Tayyib Ərdoğan Qarabağda şəhərlərin və kəndlərin dağıdılmasından danışarkən Qərb təşkilatlarını kəskin tənqid edib. Türkiyə lideri bildirib ki, Qərb işğal dövründə ermənilərin vandalizm aktlarına dəstək verib.

Rəcəb Tayyib Ərdoğandan sitat: “İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər”.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: “Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.

Hər iki liderin erməni vəhşiliyinə toxunması və Ərdoğanın Qərb təşkilatlarını Qarabağda baş verənlərə laqeyd yanaşmasını tənqid etməsi bölgəyə ermənilər vasitəsi ilə təsir etməyə çalışan, Azərbaycanı "işğal"da günahlandıran Avropadakı bəzi dairələrə tutarlı cavabdır. Yəni Qərb ermənilərə qarşı cəzasızlıq mühiti yaratdığı, susduğu üçün Qarabağ yerlə-yeksan edilib. Münaqişə həll olunduqdan sonra hansısa gücün bölgəyə təsir etmək üçün yekun sülh prosesinə yersiz müdaxiləsinə ehtiyac yoxdur. Bəyan edilir ki, əgər bölgə həmin dairələri bu qədər maraqlanırdısa, işğal dövründə ermənilərin törətdiyi vəhşiliklərə reaksiya verərdi.

Türkiyə və Azərbaycan liderləri ermənilərin dağıtdığı Qarabağ bölgəsini birlikdə inşa edəcəkləri barədə də danışıblar. Ərdoğan Prezident İlham Əliyevin Qarabağın inşası üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və yenidənqurma prosesinin sürətlə aparıldığını deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil.

Rəcəb Tayyib Ərdoğandan sitat: "Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Artıq həmrəylik əsasında atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, mühüm addımlardan daha biri olan - Cəbrayılda təməlini qoyduğumuz “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir".

Azərbaycan Prezidenti isə Qarabağın inşası prosesində Türkiyənin göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Prezident bildirib ki, bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük.

Prezident İlham Əliyevdən sitat: "Burada genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı – “Dost Aqropark” özlüyündə hər şeyi deyir”.

Bəyanatda Qarabağın inşası barədə səsləndirilən fikirlərdən də aydın olur ki, Ankara Azərbaycana Vətən Müharibəsində siyasi dəstək göstərdiyi kimi, bölgənin bərpası və erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı aparılan işlər zamanı da Bakı ilə yaxından əməkdaşlıq edəcək.

Məlumdur ki, həm bölgədə, həm Avropanın mərkəzində, həm də okeanın o tayında Cənubi Qafqazdakı proseslərə, Zəngəzur dəhlizinin inşası istiqamətində görülən işlərə müdaxilə cəhdləri var. Prezidentlər mətbuata bəyanat verərkən bu məsələlərə toxunub və diqqətçəkən mesajlar verib.

Ərdoğan bildirib ki, bəzi dairələrdə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq reallıqdan uzaqdır.

Rəcəb Tayyib Ərdoğandan sitat: “Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.

Prezident İlham Əliyev isə bölgəni qarışdırmaq, həmçinin Azərbaycanı dolayı yollarla təhdid etməyə çalışan, Zəngəzur dəhlizinin inşasına əngəl olmaq istəyən qüvvələrə Şuşa Bəyannaməsini və regionda mövcu olan Ankara-Bakı faktorunu xatırladıb.

Prezident İlham Əliyevdən sitat: "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Ötən il imzalanan Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu. Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.

Ümumilikdə Türkiyə və Azərbaycan Prezidentləri çıxışları zamanı “qorxu və narahatlıq” keçirənlərə bəyan ediblər ki, Ankara və Bakının bölgədəki addımları sülhə, sabitliyinə, həmçinin iqtisadi və nəqliyyat layihələrin sürətli icrasına yönəlib. Azərbaycan və Türkiyə heç bir region ölkəsinin sərhəddinin dəyişdirilməsində maraqlı deyil. Bu səbəbdən, “qorxu və narahatlıq” keçirməyə ehtiyac yoxdur. Əsassız “qorxu və narahatlıq” keçirənlərə Şuşa Bəyannaməsi xatırladılıb və Azərbaycanın maraqlarına qarşı çıxan qüvvələrin önlərində Türkiyəni görəcəklərinə dair mesaj verilib.