Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

25 Eyl 06:30Manşet / Cəmiyyət

Doğru corab seçimi necə olmalıdır? - “Kaspi”nin ARAŞDIRMASI

 

Hər kəs düzgün corab seçə bilmir. Mağazalarda həm pambıq, həm də sintetik materialdan hazırlanan corablar mövcuddur. Artıq hər çeşiddə, hər rəngdə corablar tapmaq mümkündür. Bəs bu qədər çeşid arasında düzgün corabı necə seçə bilərik? O qədər də önəmli görünməyən corab düzgün seçilmədikdə hansı fəsadlara səbəb ola bilər?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Tərkibi sırf pambıq deyil

Corab satışı ilə məşğul olan Asif Fərzizadə bildirib ki, insanların corab seçimi əvvəlki dövrə nisbətən dəyişib:

“Keyfiyyət cəhətdən əsasən pambıq corablar üstündür. Sintetika corablara artıq çox da tələbat yoxdur. İnsanlar keyfiyyətə daha çox üstünlük verirlər. Tələbat daha çox pambıq corablaradır. Tərkibi yüz faiz pambıq corab tapmaq isə qəliz məsələdir. Düzdür, arxasına 100 faiz pambıq olduğu yazılır, amma corabı ələ aldıqda hiss edirsən ki, tərkibi sırf pambıq deyil. Corabın tərkibinin 80 faiz pambıq olması da insanlara kifayət edir. Sintetik corabların tərkibində isə ən azı 50 faiz pambıq olur. Çünki sırf sintetika anlayışı yoxdur. Sintetikası çox olan corablar artıq azalıb”.

Qiymətlər fərqlidir

Satıcı bildirib ki, pambıq corablar daha bahadır: “Qiymət cəhətdən pambıq corabların qiyməti toplu şəkildə 10 manatdan başlayır. 6-7 manata olanlar da var. Onların tərkibində 80 faiz pambıq, 20 faiz sintetika olur. Bu corablar daha çox istifadə olunur. Pambıq corabların bir ədədi isə bir manatdan bahadır. Sintetik corablar 50 qəpikdir. 60-70 faizi pambıq, qalanı sintetika olan corablar da var. Onların qiyməti uyğun olduğu üçün bu cür corablara tələbat çoxdur”.

Ən önəmlisi corabın materialıdır

Podoloq Ruzanna Şahin isə qeyd edib ki, çalışıb pambıq corablara üstünlük verməliyik:

“Corab seçərkən ən önəmlisi ayağımıza uyğun olanını seçməkdir. Əgər corabı seçərkən ön qismindən dartırıqsa və ya topuğa doğru çəkməyə çalışırıqsa, bu həm batıq dırnağa səbəb olur, həm də ayaq corabın içində sıxıldığı üçün havasız qalır. Corabın materialı daha vacibdir. Yüz faiz pambıq olan corablara daha üstünlük verməliyik. Çünki corabların tərkibində sintetik maddələr olduğu zaman ayaq hava almır və tərləməyə başlayır. Bunun nəticəsində dəridə göbələk və digər xəstəliklər yaranır. İnsanların bu cür corabları seçməsi tamamilə səhv qərardır. Bəzən corablarda yazılır “70 faiz sintetik, 30 faiz pambıq”. O corabın tərkibində pambığın olmasının heç bir əhəmiyyəti olmur. Aldığımız corab yüzdə yüz pambıq olsa, daha yaxşıdır”.

Uşaqlarda ciddi fəsadlar yaradır

Həkimin sözlərinə görə, uşaqlarda ayaq problemlərinə də məhz düzgün corab seçilməməsi səbəb olur:

“Uşaqlara da bəzən ayaqlı “body” (kombinezon) geyindirirlər. Onların içində əgər uşağın ayağı sıxışırsa, rahat şəkildə hərəkət edə bilmirsə, bu zaman dırnaq batığı yaranır. 7-8 aylıq yeriməyən bir uşaqda necə dırnaq batığı yarana bilər? Bu onların geyindikləri corablardan asılı olaraq yaranır. Çünki ayaq havasız qalır və uzanmaq istəyən dırnaq, ət orada yığıldığı üçün önə gələ bilmir və ətə daxil olmağa başlayır”.

Corabı yalnız bir gün geyinin

R.Şahinin fikrincə, sintetik corablar ayağa daha ziyandır:

“Ayaq corabın içində çox qalmağa məcbur olduqda sanki ayağı bişirir, ayaqlar və dırnaqlar yanmağa doğru gedir. Ən keyfiyyətli ayaqqabı da geyinsəniz, corab seçiminiz yanlışdırsa, ayağınız mütləq tərləyəcək. 2 saat sonra hər kəsin ayağı normal şəkildə tərləməlidir, ancaq sintetik corablarda bu tərləmə daha da sürətli olur”.

Podoloq bildirib ki, bir corabı yalnız bir dəfə geyinin, sonra yuyulmağa atın:

“Bir corabı yalnız bir gün geyinmək məsləhətdir. Hər gün corabları çıxarmalıyıq. Hətta imkan varsa, ayağınız çox tərləyən ayaqdırsa, səkkiz saatda bir dəfə dəyişə bilərsiniz. Evə gələrkən corabı mütləq dəyişmək lazımdır. Sintetik corablar daha çox tərləməyə meyllidir. Ancaq pambıq corablarda tərləmə olmasa da, ayaqlarımız qapalı olduğu üçün havasız qalır. Səhər isə yenidən eyni corabı qətiyyən geyinmək olmaz”.

Ayaq burxulmalarına səbəb olan corablar

R.Şahin qeyd edib ki, xanımlar kolqotqa seçərkən də ehtiyatlı olmalıdırlar:

“Çalışmaq lazımdır ki, corablar sürüşkən olmasın. Hündürdaban ayaqqabı geyindiyimiz zaman diqqət etməliyik. Çünki tərkibində daha çox sintetik olan kapron corablar ayağı sürüşdürür. Bu da ayaq burxulmalarına gətirib çıxara bilər. Kolqotqa əgər böyükdürsə, ayaq ayaqqabının içərisində hərəkət etdikcə corab yığılır və ayaq sürüşür. Ona görə corab nə çox dar, nə də çox geniş olmamalıdır. Artıq bir çox markalar çalışır ki, kolqotqaları gümüş tərkiblərdə, içərisində minimum ziyanverici maddələrlə hazırlasınlar. Onların tərkibində gümüş toxumalar olur. Bu, ayağın tərləməsini minimuma endirir”.

Corabları ütüləyin

Həkim sonda ayaqlarımızı qorumağımız üçün öz tövsiyələrini də verdi:

“Tövsiyəm budur ki, corab seçərkən güvəndikləri firmalardan, keyfiyyətli məhsul alsınlar. Bu, məhsula toxunduqda da bilinir. Evə gəldikdə ayağı havalandırmalı, yumalıdırlar. Corab da dəyişdirilməli və təmiz corab seçilməlidir. Ayaqları da həmişə quru tutmağa çalışmalıyıq. Corabları ütüləməyi də məsləhət görürəm. Bəzi pasiyentlər deyir ki, “mən corablarımı paltaryuyan maşına atmıram, əlimdə yuyuram”. Elə düşünürlər ki, paltaryuyana atdıqda ona zərər verəcək. Amma bunu unudurlar ki, göbələk və ya digər dırnaqda olan mikroblar 120 dərəcə istiliyə qədər yaşaya bilirlər. Əlimizdə yuduqda da ancaq 30 dərəcə istiliklə yuya bilərik. Ona görə ütü ilə ütüləyib mikrobunu məhv etməyi məsləhət görürəm. Corabın düzgün seçilməməsi bəzən ürək-damar xəstəliklərinə də səbəb ola bilir. Diabet xəstələrinə də məsləhət görürük ki, corablar ayağınızı sıxmasın. Ona görə rezinli corabları məsləhət görmürük. Tikişsiz corablara üstünlük versələr daha yaxşıdır. Çünki rezini sıxan corablar qan dövranına təsir edir”.